Zelenski Avropadan və ABŞ-dan hansı zəmanətləri almaq istədiklərini açıqladı
Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 22-də bildirib ki, Ukrayna və ABŞ gələcək sülh və təhlükəzəlik zəmanətləri sazişinin əsasını təşkil edəcək sənədlərin ilkin paketini tamamlamaq üzrə işləri başa çatdırıblar. Bu barədə "Suspilne" xəbər verib.
Əsas sənəd təhlükəsizlik zəmanətləri haqqında sazişdir ki, bu da Ukrayna ordusuna dəstəklə bağlı qapalı əlavələr və detalları özündə əks etdirəcək. Ölkənin bərpası haqqında müqavilənin ilk layihələri də hazırdır.
"Mənim fikrimcə, ilk layihələr üçün etməli olduğumuz hər şey artıq edilib. İlk işləmələr demək olar ki, 90% hazırdır. Bunlar bizim üçün vacib olan detallardır: imzalamaqdan sonra ordumuz və Ukrayna nəyə ümid edə bilər, nə qədər güclü ola bilərik", - Zelenski Diplomatik Akademiyada çıxışı zamanı deyib.
Ukrayna Prezidenti özünün Telegram-kanalında Ukrayna tərəfinin Avropa və ABŞ-dan almağı gözlədiyi təhlükəsizlik zəmanətlərinin siyahısını dərc edib.
- Ukrayna Silahlı Qüvvələrinin sayı 800 min nəfər olacaq. Ukrayna tərəfdaşların belə bir ordu üçün vəsait ayıracağını gözləyir.
- Ukrayna Avropa İttifaqının üzvü olacaq.
- 30 ölkədən ibarət "istəklilər koalisiyası" Ukraynaya "səmadə, yerdə, dənizdə", həmçinin enerji, maliyyə, yardım və sığınacaq sahələrində təhlükəsizlik təmin edəcək.
- ABŞ təhlükəsizlik zəmanətləri (hüquqi cəhətdən məcburi olacaq, ABŞ Konqresi tərəfindən dəstəklənəcək) və Ukrayna Silahlı Qüvvələri üçün "saxlama paketi" - silahlar təqdim edəcək.
Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti son günlərdə ABŞ-da Donald Tramp administrasiyası ilə danışıqlar aparıb və hazırda Kiyevə qayıdır. "Amerikalılar hazırda Rusiya nümayəndələri ilə danışıqlar aparırlar. Onlar danışacaqlar, sonra biz onlardan cavab alacağıq. Onlar bizdən bütün məlumatları aldılar", - Ukrayna Prezidenti əlavə edib.
Almaz Həsənli



















































































