Ovçu-yığıcıların qədim DNT-si uzunömürlülüyün sirrini açdı
Ovçu-yığıcı əcdadlarımız müxtəlif irs qoyub getmişlər. Bu, yeməyi bişirmək üçün od əldə etmək bacarığı, həmçinin daş alətlər kimi ilkin sağ qalma texnologiyalarıdır. Ola bilsin ki, onlar bizə uzunömürlülüyün sirrini də bəxş etmişlər.
Bu qənaətə uzunömürlü insanları tədqiq edən genetiklər gəliblər. Onların tədqiqatının nəticələri “GeroScience” jurnalında dərc olunub. Tədqiqat göstərib ki, 100 yaşlı italyanlarda Qərbi Avropa ovçu-yığıcılarından (WHG) olan genetik materialın payı ümumi əhali ilə müqayisədə daha yüksəkdir.
Uzunömürlülüyün təkcə "yaxşı" genlərlə deyil, həm də ətraf mühit və gündəlik vərdişlər kimi digər amillərlə də izah oluna biləcəyi uzun müddətdir ki, məlumdur. Bəzi tədqiqatlar həyatı uzadan müəyyən genləri aşkar etmiş, digərləri isə qədim əcdadların DNT-sinin müəyyən rol oynaya biləcəyini irəli sürür.
İtaliya dünyada 100 yaşını qeyd edən insanların ən yüksək payına malik ölkələrdən biridir. Tədqiqatçılar 333 uzunömürlü insanın və təxminən 50 yaşında olan 690 sağlam yetkin nəzarət qrupunun genomlarını təhlil ediblər. Bu insanların DNT-si İtaliyanın müasir genofondunu təşkil edən dörd qrupun 103 qədim genomu ilə müqayisə edilib:
- Qərbi Avropa ovçu-yığıcıları, buz dövründən sonra Avropanın ilk sakinləri arasında idilər,
- Anadolu neolit dövrü kəndliləri,
- Tunc dövrü Avrasiya köçəriləri,
- həmçinin İran və Qafqaz regionlarından olan qədim qruplar.
Nəticələr göstərib ki, 100 yaşa çatan şəxslərdə, adətən, adi insana nisbətən daha çox Qərbi Avropa ovçu-yığıcılarının DNT-si olur. "Hazırkı tədqiqat ilk dəfə olaraq Villabruna klasterinin/WHG xəttinin... İtaliya əhalisinin uzunömürlülüyünə töhfə verdiyini nümayiş etdirir", - deyə əsərin müəllifləri yazırlar.
Tədqiqatın bütün iştirakçılarında dörd əcdad xəttinin hamısının DNT qarışığı aşkar edilmişdir, lakin yalnız WHG (Qərbi Avropa ovçu-yığıcıları) genetik materialı uzunömürlülüyə bağlı olmuşdur.
Bundan əlavə, ovçu-yığıcı DNT-sinin hər kiçik artımı ilə insanın uzunömürlü olma şansı 38% artır. Qadınlarda bu əlaqə daha da güclüdür: onlarda WHG genləri 100 yaşa qədər yaşamaq şansını iki dəfədən çox artırır.
"Biz güman edirik ki, bu əlamətlə [uzunömürlülük] əlaqəli gen variantları çox qədim dövrlərdə İtaliya genofonduna daxil olmuş ola bilər", - tədqiqatçılar bildirirlər.
Alimlər uzunömürlülüyə belə genetik meylləri izah edən bir hipotez irəli sürmüşlər. Onların fikrincə, bu genetik variantlar son buz dövründə, əcdadlarımızın məhdud qida ehtiyatları ilə ekstremal şəraitdə sağ qalmalı olduqda seçilmişdir. Yəqin ki, bu genlər qidanın daha səmərəli mənimsənilməsi üçün metabolizmin yaxşılaşdırılmasına və yaşlanma stressindən orqanizmi qorumaq üçün immunitet sisteminin gücləndirilməsinə kömək etmişdir.
Almaz Həsənli





























.jpg-1.jpg)
.jp-1.jpg)
.jpg-1.jpg)



















































