
Ukrayna ərazi güzəştlərinə getməyə hazırdır
Kiyev aprelin 23-də Londonda keçirilən danışıqlarda ABŞ-ın təklif etdiyi atəşkəs şərtləri ilə razılaşıb.Bu barədə ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News”-a bildirib.
"Bizim Ukrayna komandası və avropalılarla görüşümüz oldu. Bizim 22 konkret şərtimiz var idi və onlar buna razılıq verdilər", - Kelloq deyib.
O, aydınlaşdırıb ki, söhbət tərəflərin işğal etdikləri ərazilər üzərində faktiki nəzarəti saxlamaqla atəşkəsdən gedir.
Razılaşma hazırkı mövqelərdə münaqişənin dondurulmasını və 30 günlük atəşkəs rejiminin yaradılmasını nəzərdə tutur. Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsinə nəzarətini de-fakto tanımağa hazırdır, lakin hüquqi cəhətdən tanınmaqdan imtina edir. ABŞ nəzarətin qismən Kiyevə qaytarılması müqabilində Krımın de-yure tanınmasına və digər regionların de-fakto tanınmasına icazə verir.
"Onlar başa düşürlər ki, atəşkəs olarsa, hər bir tərəf tutduqları mövqelərdə qalacaq. Onlar buna hazırdırlar. Keçən həftə mənə dedilər ki, onlar artıq bu razılaşmanı müzakirə ediblər. Hazırkı xətlərdə atəşkəs onların hazır olduqları şeydir", - Trampın xüsusi nümayəndəsi bildirib.
Bundan əvvəl ABŞ-ın sülh planını Qərb mediası dərc etmişdi. Onların məlumatına görə, bu, Rusiyanın Krım üzərində yurisdiksiyasının de-yure tanınmasını nəzərdə tutur, o cümlədən de-fakto - LXR və Rusiyanın nəzarətində olan DXR, Xerson və Zaporojya vilayətləri üzərində. Eyni zamanda, plan Xarkov vilayətinin bir hissəsinin Ukraynaya qaytarılmasını, Zaporojya Atom Elektrik Stansiyasına və Kaxovka Su Elektrik Stansiyasına nəzarəti, həmçinin Dnepr boyunca sərbəst keçidi və Nikolayev vilayətindəki Qılburnu dili üzərində nəzarəti nəzərdə tutur.
Almaz Həsənli