
Çində bir kənddə lal-kar qadınlar surroqat ana kimi istismar ediliblər
Çindəki kəndlərdən biri əlillərin surroqat ana kimi istismarı ilə bağlı qalmaqalın mərkəzində olub. Bu barədə “South China Morning Post” məlumat yayıb.
Cinayət sxemini insan alveri ilə bağlı araşdırnaçı fəal Şanquan Çjenyi üzə çıxarıb. Həmin şəxs şübhəli cinayətkarların izinə düşüb və bir neçə gün ərzində Hunan əyalətinin Çanşa şəhəri ətrafında yerləşən kotteci müstəqil şəkildə izləyib. Şübhələrindən əmin olan fəal polisə müraciət edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları evə baxış zamanı 16 xəstəxana çarpayısı, habelə surroqat ana ilə bağlı prosedurlar üçün zəruri olan avadanlıqlar aşkar ediblər. Binanın pəncərələri içəridən mavi plyonka ilə örtülmüşdü ki, kənar adamlar təsadüfən orada nə baş verdiyini görməsin. Polisin gəlişi zamanı qeyri-qanuni mərkəzdə 9 qadın olub. Onlardan ikisi etiraf edib ki, bu yaxınlarda onlara embrion yerləşdiriblər. Prosedurların dəyərinin on minlərlə dollara çatdığını söyləyiblər. Surroqat analardan biri kar olduğu üçün yalnız jestlərlə ünsiyyət qura bilirdi.
Nəşrin məlumatına görə, sağlamlıqlarında müxtəlif məhdudiyyətləri olan qadınlar tibbi prosedurlardan keçmək üçün ölkənin ucqar guşələrindən mərkəzə gətiriliblər.
Almaz Həsənli