
WSJ: Putinin Ukraynadakı müharibəni bitirmək niyyəti yoxdur
ABŞ prezidenti Donald Tramp bazar ertəsi, mayın 19-da Avropa liderlərinə telefon danışığında Putinin Ukraynaya qarşı müharibəni bitirməyə hazır olmadığını, çünki o, qalib gəldiyinə inandığını bildirib.
Oxumənii.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” üç məlumatlı mənbəyə istinadən yazır.
Nəşrin qeyd etdiyi kimi, avropalılar bunu çoxdan bilsələr də, bunu ilk dəfə Trampın dilindən eşitdilər. Bu, ABŞ prezidentinin Putinin guya sülh istədiyi barədə əvvəlki bəyanatlarına ziddir.
“Tramp Putinin sülhə hazır olmadığını başa düşsə də, bu, onu avropalıların və Ukrayna prezidenti Vladimir Zelenskinin fikrincə, Rusiyaya qarşı mübarizəni ikiqat artırmağa sövq etmədi”, -WSJ qeyd edir.
Mayın 19-da baş tutan telefon danışığında Zelenski, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, İtaliyanın baş naziri Corcia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirak edib.
WSJ hesab edir ki, Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəməməsinə baxmayaraq, avropalılar bunda müəyyən müsbət cəhətlər görüblər. Avropa üçün bu, Ukraynaya dəstək olub-olmamağın indi daha çox onların öz ixtiyarında olduğunu vurğulamağa kömək etdi. Mənbələr bildiriblər ki, avropalılar Tramp administrasiyasının Avropa və ya Ukraynanın pulunu ödədiyi müddətcə ABŞ-ın silah ixracatını dayandıracağına inanmır.
Xatırladaq ki, mayın 16-da Rusiya ilə Ukrayna arasında son 3 ildə ilk birbaşa danışıqlar İstanbulda baş tutub. Moskva Kiyevin qismən işğal olunmuş dörd regionda - Luqansk, Donetsk, Zaporojya və Xersonda kapitulyasiyasını tələb edib və imtina ediləcəyi təqdirdə Sumı və Xarkov vilayətlərini işğal edəcəyi ilə hədələyib.
“Bloomberg” mənbələrinə görə, Putin rus ordusunun Ukrayna müdafiəsini yarıb keçə biləcəyinə və ilin sonuna qədər yuxarıda qeyd olunan ərazilərin ələ keçirilməsini başa çatdıra biləcəyinə əmindir.
Almaz Həsənli