
Konqres Rusiya tərəfindən oğurlanmış ukraynalı uşaqları geri qaytarmağı tələb edir
ABŞ Konqresində ukraynalı uşaqların Rusiya tərəfindən oğurlanaraq məcburi köçkün edilməsini pisləyən qətnamə qəbul edilib.
Bu barədə RBC-Ukrayna ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəsmi bəyanatına istinadən məlumat yayıb. İkipartiyalı qətnamə konqresmenlər Qreqori Miks və Maykl Makkol tərəfindən təqdim edilib. O, ukraynalı uşaqların Rusiya tərəfindən oğurlanmasını və məcburi köçkün edilməsini pisləyir və hər hansı sülh sazişi bağlanana qədər onların geri qaytarılmasına çağırır.
"Putin hərbi cinayətkardır və onun rəhbərliyi altında Rusiya hərbçiləri on minlərlə ukraynalı uşağı vəhşicəsinə oğurlayıb və qeyri-qanuni yolla öz vətənlərindən deportasiya ediblər. Bu cinayətlər ayrı-ayrı hadisələr deyil, Putinin öz seçimi ilə açdığı müharibənin birbaşa nəticəsidir", - konqresmen Miks deyib.
O, həmçinin hesab edir ki, ABŞ Rusiyanın bu qəbuledilməz hərəkətlərini pisləməli və qaçırılan hər bir uşağın dərhal geri qaytarılmasını tələb etməlidir.
Konqresmen Makkol öz növbəsində qeyd edib ki, genişmiqyaslı müharibə başlayandan bəri təkcə rəsmi məlumatlara görə, Rusiya ən azı 19 500 ukraynalı uşağı məcburi köçkün edib. Bəzi digər hesablamalar 200.000 uşağın qaçırıldığını göstərir.
"Bu uşaqlar milli kimliklərindən məhrum edilib, rus ailələrinə övladlığa götürülüb və Kremlin ideoloji təsirinə məruz qalıb. Rusiyanın uşaqları kütləvi şəkildə oğurlaması açıq cinayətdir. ABŞ mənəvi liderlik nümayiş etdirməli və sülh əldə olunana qədər Ukraynada hər bir uşağın öz ailəsinə qaytarılmasını tələb etməlidir", - o vurğulayıb.
Senatda oxşar qətnaməni respublikaçı senator Çak Qrassli və demokrat senator Emi Klobuçar təqdim ediblər.
16 aprel 2024-cü il tarixinə Ukrayna tərəfi ukraynalı uşaqların müvəqqəti işğal olunmuş ərazilərdən Rusiya və Belarusiyaya qanunsuz deportasiyası və ya məcburi köçürülməsi ilə bağlı azı 19 546 hadisəni sənədləşdirib.
Bu əməllər uşaqların adlarını, dilini və vətəndaşlığını dəyişdirərək milli kimliklərini silmək cəhdləri ilə müşayiət olunur. Beynəlxalq tərəfdaşların köməyi ilə Ukrayna yalnız 1274 uşağı geri qaytara bilib.
ABŞ Dövlət Departamentinin 2024-cü il İnsan Alveri Hesabatına əsasən, Rusiya silahlı münaqişələrdə uşaqları cəlb edən və ya onlardan istifadə edən, insan alveri ilə bağlı dövlət siyasətini və ya sistemli praktikasını həyata keçirən ölkə kimi tanınır və dünyada insan alverinin ən böyük mərkəzlərindən biridir.
Əlavə edirik ki, bu yaxınlarda əsirlərin mübadiləsini müzakirə edərkən Rusiya tərəfi oğurlanmış ukraynalı uşaqların öz hərbçiləri ilə dəyişdirilməsini təklif edib.
Yeri gəlmişkən, bu yaxınlarda müvəqqəti olaraq işğal olunmuş ərazilərdən bir neçə yeniyetmə Ukraynaya qaytarılıb. Əməliyyat prezident Zelenskinin "Uşaqları geri qaytar" UA təşəbbüsü çərçivəsində həyata keçirilib.
Əziz Mustafa