
Məhkəmə Rusiyanı MH17 qəzasında təqsirli bilib
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014-cü ildə Donetsk vilayəti üzərində 298 nəfərin ölümü ilə nəticələnən MH17 təyyarəsinin qəzaya uğramasına görə Rusiyanın məsuliyyət daşıdığına qərar verib, “Associated Press” xəbər verir.
Hakimlərin qərarında deyilir ki, təqdim olunan sübutlar Rusiyanın MH17 reysini qəsdən raketlə vurduğunu göstərir.
Bu, ilk dəfədir ki, beynəlxalq məhkəmə MH17 təyyarəsinin qəzaya uğramasına görə Rusiyanı günahkar hesab edir. Məhkəmə həmçinin Rusiyanı Ukrayna ərazisində beynəlxalq hüququ kobud şəkildə pozmaqda təqsirli bilib. “AP” qeyd edir ki, bu, 2022-ci ildə genişmiqyaslı müharibə başlayandan bəri Moskvanı sistematik pozuntularda birbaşa ittiham edən beynəlxalq məhkəmənin ilk qərarıdır.
Ukraynada müharibə başlayandan sonra Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanı təşkilatdan çıxarıb. 2022-ci ilin iyununda Vladimir Putin AİHM-in həmin il martın 15-dən sonra çıxardığı qərarların icra olunmaması haqqında qanunu imzalayıb.
2014-cü il iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan “Malaysian Airlines”a məxsus “Boeing” sərnişin təyyarəsi Donbass səmasında vurulub. Qəza nəticəsində 298 nəfər həlak olub, qurbanların demək olar ki, üçdə ikisi Hollandiya vətəndaşları idi.
2022-ci ildə Hollandiyanın Haaqa məhkəməsi təyyarənin Rusiya istehsalı olan “Buk” raketi ilə vurulduğunu müəyyən edib. Raket qəzadan bir qədər əvvəl Kursk vilayətindən “DXR” ərazisinə çatdırılıb. Rusiya bütün ittihamları rədd edir. Məhkəmə rusiyalı İqor Strelkov-Qirkin, Sergey Dubinski və ukraynalı Leonid Xarçenkonu təyyarənin sərnişinlərini öldürməkdə təqsirli bilib. Onlara qiyabi ömürlük həbs cəzası verilib.
Almaz Həsənli