
İngiltərə Fələstinin müstəqilliyini tanımaqla İsrailə təzyiq etmək istəyir
İngiltərə hökumətinin Fələstinin dövlət kimi tanınması ilə bağlı qərarı Qəzzada döyüşləri dayandırması üçün İsrailə təzyiq etmək məqsədi daşıyır. Bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi BMT-nin mənzil-qərargahındakı çıxışında deyib.
"Biz yerlərdə vəziyyətə təsir göstərməyə çalışdıq və ürəkdən ümid edirəm ki, gördüyümüz əzabların kəskin şəkildə azalmasını, həmçinin atəşkəs öhdəliyini görəcəyik", - nazir bildirib.
Eyni zamanda, ABŞ prezidenti Donald Trampa bu qərarla bağlı xəbərdarlıq edilib-edilmədiyi sualına cavab verən Lemmi bildirib ki, Vaşinqton və London arasında xüsusi münasibətlər olmasına baxmayaraq, Böyük Britaniya bunu açıq şəkildə bəyan edib: “Heç bir ölkənin Böyük Britaniyada verdiyimiz ciddi qərarlara veto hüququ yoxdur”.
Böyük Britaniyanın xarici işlər naziri həmçinin vurğulayıb ki, İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin iki dövlət həlli ilə bağlı imtinası mənəvi cəhətdən yanlış, strateji baxımdan da yanlışdır.
Xatırladaq ki, çərşənbə axşamı Böyük Britaniyanın baş naziri Kir Starmer ölkəsinin sentyabrda Fələstin dövlətini tanıyacağını bildirmişdi. Bu, İsrail Qəzzada döyüşləri dayandırmasa və torpaqların ilhaqından əl çəkməsə baş verəcək.
Daha sonra İsrailin baş naziri Benyamin Netantyahu buna cavab verib. O, Starmerin HƏMAS terrorunu təşviq etdiyini bildirib və Britaniyanın özünə təhlükə barədə xəbərdarlıq edib.
"Starmer HƏMAS-ın dəhşətli terrorunu təşviq edir və onun qurbanlarını cəzalandırır. Bu gün İsrail sərhədində olan cihadçı dövlət sabah Böyük Britaniyanı təhdid edəcək", - o, sosial media hesabından açıqlamasında bildirib.
Əziz MUSTAFA