
Avstriyada rus casusu ifşa edilib
Avstriyanın böyük neft, qaz və kimya şirkəti OMV yüksək vəzifəli bir rəhbərini Rusiyaya casusluq etməkdə şübhəli bilinərək işdən çıxarıb.
Bu barədə Avstriyanın “Profil” nəşri və “Reuters” məlumat yayıb.
Xüsusilə, sentyabrın 19-da Avstriya jurnalı OMV-nin top menecerlərindən biri ilə bağlı böyük araşdırma dərc edib. O, Rusiya səfirliyinin əməkdaşı ilə görüşərək Avstriya əks-kəşfiyyatının diqqətini cəlb edib.
Top menecer OMV-də çox uzun müddət çalışmışdı. Bu yaxınlarda o, Abu Dabidə dəyəri 1 milyard avro olan iki törəmə şirkətin birləşməsi ilə bağlı çox vacib bir sövdələşmədə iştirak etdi. Lakin o, sövdələşmə barədə təkcə qrup rəhbərliyinə deyil, həm də Rusiya kəşfiyyatına məlumat verib.
Top menecerin təkbaşına hərəkət edib-etmədiyi və ya onun casusluq fəaliyyətinin nə qədər davam etdiyi hələlik məlum deyil. Avstriya hüquq-mühafizə orqanlarının əməkdaşları onun evində axtarış apararaq çoxsaylı şirkət daxili sənədləri ələ keçiriblər. Faktla bağlı cinayət işi başlanıb.
Əziz Mustafa