
Moldovada keçirilən seçkilərdə prezident Sandunun Avropayönlü partiyası qalib gəlib, Rusiyayönlü müxalifət isə uduzub
Moldovanın hakim Avropapərəst “Fəaliyyət və Həmrəylik” Partiyası (PAS) dünən keçirilən parlament seçkilərində bülletenlərin 99,74 faizinin hesablanmasından sonra səslərin 50,12 faizini toplayaraq rahatlıqla irəlidədir. Bu barədə Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası bu rəqəmləri bazar ertəsi, sentyabrın 29-u səhər elan edib.
Ən yaxın rəqib olan Rusiyayönlü “Vətənpərvərlər” Bloku seçicilərin 24,21 faizinin dəstəyini qazanıb. “Alternativ” Blok 7,97 faiz səs toplayıb. Keçmiş Beltsı meri Renato Usatiinin rəhbərlik etdiyi “Bizim Partiya” 6,21 faiz, Avropayönlü siyasi qüvvə “Evdə Demokratiya” isə 5,62 faiz səs toplayıb.
Bu nəticələr PAS-a parlamentdəki 101 yerdən ən azı 54-nü təmin edir. Bu, gedən parlamentdəki 61 yerlə müqayisədə onun mütləq çoxluğu qoruyub saxlamasını təmin edəcək.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 52,1 faiz təşkil edib. Seçkilərdə 14 partiya, dörd blok və dörd müstəqil namizəd iştirak edib. 1,6 milyondan çox insan, o cümlədən 264 mini xaricdəki seçki məntəqələrində səs verib.
Seçkilər partiya siyahıları ilə keçirilib; baryeri keçmək üçün partiya ən azı 5%, bloka isə ən azı 7% səs toplamalı idi.
101 yerlik birpalatalı parlamentdə çoxluğun saxlanılması PAS-a Moldovanın 2030-cu ilə qədər Avropa İttifaqına qoşulması məqsədini həyata keçirməyə davam etməyə imkan verəcək. Prezident Sandu ölkənin gələcəyinin Aİ-də olduğunu vurğuladı.
Almaz Həsənli