
Türkiyə AB ilə dönər kabab mübahisəsini aradan qaldırdı
İstanbulda yerləşən beynəlxalq dönər dərnəyi “Udofed” dönər kababının qorunan qida adlarının rəsmi siyahısına salınması ilə bağlı müraciətini geri götürüb.
Avropa Komissiyasının sözçüsü “Bild”-ə bildirib ki, ərizə sentyabrın 23-də geri götürülüb. "Bu, avtomatik olaraq qeydiyyat prosedurunun dayandırılması deməkdir", - komissiya bildirib.
2022-ci ildə Türkiyə dönər kababının ənənəvi məhsul kimi təyin edilməsi üçün müraciət edib. Əgər ərizə təsdiqlənsəydi, kebabın hazırlanma qaydaları ciddi şəkildə tənzimlənəcəkdi. Bu halda, dana ətindən hazırlanan kebab, həmçinin tərəvəzlərlə hazırlanan vegan variantı qadağan olunacaqdı. “Deutsche Welle” qeyd edir ki, Türkiyə həmçinin marinad üçün inqredientləri, ət dilimlərinin qalınlığını və marinad müddətini tənzimləməyi planlaşdırırdı.
Almaniya rəsmiləri Türkiyənin müraciətinə etirazlarını hazırlayıb. Mütəxəssislərin hesablamalarına görə, alman dönərxanalarının 80-90%-i artıq öz məhsuluna dönər kabab deyə bilməyəcəkdilər.
2024-cü ilin sentyabrında Avropa Komissiyası iki ölkəyə mübahisəni həll etmək üçün altı ay vaxt verdi. Məsləhətləşmələr martın 20-də başa çatıb, bundan sonra Avropa Komissiyası məsələni öyrənib. “Bild” xəbər verir ki, Komissiya Türkiyənin müraciətini rədd etməyi planlaşdırırdı.
Almaniya hakimiyyəti Türkiyənin ərizəsini geri götürmək qərarını alqışlayıb. Almaniya Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, “istənilən başqa qərar istehsalçılar, restoranlar və istehlakçılar üçün əhəmiyyətli mənfi nəticələrə səbəb olacaqdı”.
Almaz Həsənli