
Avropa İttifaqı polad idxalına 50% rüsum tətbiq etmək istəyir
“Financial Times” (FT) AK sənədinə istinadən xəbər verir ki, Avropa Komissiyası qlobal polad idxalına 50% tarif təklif etmək istəyir. O, təklifi çərşənbə axşamı, oktyabrın 7-də irəli sürməyi planlaşdırır.
Aİ rəsmilərindən birinin sözlərinə görə, sənayeni qorumaq üçün başqa variant yoxdur; əks halda Avropa polad sənayesini tamamilə itirmək riski ilə üzləşir.
Qəzetin yazdığına görə, belə bir addım ixracının 80%-i Avropaya gedən Britaniyanın polad sənayesinə zərər vurmaq təhlükəsi yaradır. FT xəbər verir ki, 2024-cü ildə Böyük Britaniyada yerli polad istehsalının cəmi 4 milyon tona düşüb ki, bu da 1930-cu illərin Böyük Depressiyasından bəri ən aşağı səviyyədir.
“UK Steel Group”-un baş direktoru Qaret Steys xəbərdarlıq edib ki, yeni tariflər "bir çox yerdə qalan polad şirkətləri üçün ölümcül ola bilər". O, nazirləri "idxal axınından qorunmaq üçün öz tədbirlərini görmələrinin təcili ehtiyacını qəbul etməyə" çağırıb.
Aİ-nin təkliflərinə əsasən, ölkələrə xüsusi kvota və məhsul kateqoriyaları veriləcək. Birliyin planı üzv dövlətlərin böyük əksəriyyəti və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. Bu proses, nəşrə görə, 2026-cı ilin əvvəlinə qədər davam edəcək.
Almaz Həsənli