Razi Nurullayev: Əlilliyin bu şəkildə faizlə müəyyən edilməsi bizdə  korrupsiya və ədalətsizliyə yol açacaq

Razi Nurullayev: Əlilliyin bu şəkildə faizlə müəyyən edilməsi bizdə korrupsiya və ədalətsizliyə yol açacaq

8 İyun 2021 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

“Əlilliyi olan şəxslərin hüquqları” haqqında qanuna təklif edilən dəyişikliklərin xeyli hissəsi mütərəqqidir, əlilliyin bu şəkildə faizlə müəyyən edilməsi isə xeyr. Ola bilsin ki, bu digər ölkələrdə özünü doğruldub, bizdə isə bu bir korrupsiya və ədalətsizliyə yol açacaq”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, deputat Razi Nurullayev bu fikirləri Milli Məclisdəki müzakirələr zamanı söyləyib.

Onun sözlərinə görə, əlilliyin faizlə müəyyən edilməsi əyriliklərə və rüşvətxorluğa imkan yaradacaq:

“Deyək ki, birinin qara ciyəri, böyrəkləri, mədəaltı vəzisi, nə bilim ürək damarları 50 faiz funksionallığa malikdir, pul verəcək yazacaqlar 62 faiz. Yaxud, xəstəyə pul vermədəiyi üçün 70% işləməyən böyrəklərinə 53% yazacaq. Yəni bu faiz məsələsi bank faizləri kimi xalqı böyrü üstə qoyacaq. Sabah bütün dünyanın həkimlərini yığıb gətirəsən ki, sübut edin ki, vəzifəli şəxs saxtakarlığa yol verib, edə bilməyəcəklər. Deyəcək ki, mən müayinə edəndə 62% idi, yəqin gedib Lerik dağlarında yaşayıb, suyunu içib və təbiət onu bərpa edib. Yaxud gedib mollaya dua yazdırıb, 62% idi, indi olub 30%. Yaxud, 65%-lik insana, əksinə 60% yazacaq. Söhbət 1%-in xariqələr yaratmasından, yaxud evlər yıxmasından gedir. Biz o dərəcədə inkişaf etmiş insan kapitalına malik deyilik ki, 1%-in insan həyatına qərar verdiyi şəffaflığa gedək. Bunu edə bilsək, sizləri əmin edirəm ki, növbəti il Danimarka olacağıq. Bizim millətimiz yaradıcıdır, amerikanlar deyir ki, ən çıxılmaz vəziyyətdə azı üç çıxış yolu var, bizimkilər başlarını işlədəndə ən azı 10 çıxış yolu tapırlar. Bu xalqı 1%-in əsirinə çevirmək lazım deyil. Şikayətlərin əlindən, cənab deputatlar həyətə çıxıb maşınlara otura bilməyəcəyik”.

R.Nurullayevin sözlərinə görə, əlilliyin təyinat məsələsini iki hissəyə bölmək lazımdır:

“Görünən və təsbit olunan əlillik - bura bədən orqanlarını itirmiş şəxslər daxildir - bir də daxili xəstəliklər ucbatından verilən əllikllər. Ən çox incitmələr gözlə görünə bilməyən xəstəliklər ucbatından olacaq. Belə düşünürəm ki, bədən üzvlərini itirməyən şəxslər üçün əlillik almaq çətinləşdirilir. Digər bir məsələ. Əlillik 31 faizdən yuxarı başlayır: Orqanizmin funksiyalarının 10-30 faiz itirilməsi zamanı əlillik təyinatı aparılmır. Amma, 30% orqanizmin funksionallığını itirən şəxsi 100% funksionallığı ilə bərabər tutmaq nə dərəcədə ədalətlidir? Pensiya və müavinət verilmirsə, onlar üçün nələrsə düşünülməlidir. Bu şəkildə biz özümüzə sosial dövlət deyə bilməyəcəyik. Belə şəxslərin ən azından işə götürülməsində, təhsil almasında, kredit almasında, özünü məşğulluq proqramlarına cəlb olunmasında bir üstünlüyü olmalıdır. 30% insan bədəninin 3-də biridir. Vallah, hər kəs yazıq olacaq”.