Hərb meydanında qalib gələn Azərbaycan nəhəng bir proses başladıb - detallar

Hərb meydanında qalib gələn Azərbaycan nəhəng bir proses başladıb - detallar

28 Avqust 2021 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

İşğalın və müharibənin yaraları necə sarınır; Qarabağda quruculuq-abadlıq işləri aparılmaqla yanaşı, müharibənin əsas faktoru olan şəhid ailələrinə və qazilərə böyük diqqət ayrılır.

Oxuməni.az xəbər verir ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etdikdən sonra bərpa-quruculuq, müharibə iştirakçılarının, şəhidlərin ailə üzvlərinin sosial təminatı istiqamətlərində çox böyük işlərə başlayıb. Bərpa-quruculuq işləri həm azad olunmuş ərazilərdə, həm də Ermənistanın xaincəsinə döyüş bölgələrindən kənarda yerləşən rayon və şəhərlərimizə açdığı atəş nəticəsində yaşayış məntəqələrində həyata keçirilir. Hər iki istiqamətdə fəaliyyətlərə hələ müharibə getdiyi günlərdən başlanıb: Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə evləri dağıdılan vətəndaşlara dəyən zərərin ödənməsi, evlərinin yenidən tikilməsi üçün vəsaitlər ayrılıb. Eyni zamanda biznesə, kənd təsərrüfatına dəyən zərərin hesablanması, daha sonra ödənməsi istiqamətində mühüm addımlar atılıb.

Ölkə rəhbərliyinin qərarı ilə müharibədə əlil olan şəxslər, şəhidlərin ailə üzvləri işləyəcək xüsusi fond - YAŞAT fondu yaradılıb. Fond müharibədə yaralananların, şəhid ailələrinin kredit borclarının bağlanmasından, evlərinin təmirindən tutmuş, yaralıların qardaş Türkiyədə müalicəsinin təşkilinə qədər çoxsaylı istiqamətlərdə fəaliyyət göstərir. Prezident həmçinin şəhid ailələrinə, müharibə əlillərinə verilən müavinətləri artırıb.

Müharibənin başa çatmasından keçən 11 ay ərzində müharibənin yaralarının sağaldılması, müharibə bölgələrinin abadlaşdırılması, müharibədə şəhid və qazi olmuş şəxslərə, onların ailələrinə diqqət - bu ailələlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ildırım sürətilə aparılır. Azərbaycan dövləti 44 günlük çox uğurlu müharibə ilə xeyli ərazini işğaldan azad etdi. İndi diplomatik-siyasi müharibənin içindədir. Və paralel olaraq Qarabağda quruculuq abadlıq işləri aparılmaqla yanaşı, müharibənin əsas faktoru olan şəhid ailələrinə və qazilərə böyük diqqət ayırır.

İki gün əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Həmin mərasimdə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub.

Ümumiyyətlə, diqqəti çəkən odur ki, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına  mənzillər və avtomobillər təqdim olunub Prezident İlham Əliyev və birinci  xanım Mehriban Əliyeva mərasimində iştirak ediblər YENİLƏNİB-2 VİDEO -  AZƏRTAC – Azərbaycan Dövlət ...

Avqustun 25-də Prezident İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır.

Rəsmi statistikaya əsasən 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Təkcə keçən il 1572 mənzil verilib, bu il 3 minə yaxın mənzil veriləcək və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq.

Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.

Müharibənin başa çatmasından sonra Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qısa müddət ərzində Ermənistanın təcavüzü nəticəsində kənd təsərrüfatı fəaliyyətinə zərər dəymiş 980 nəfərin siyahısı müəyyənləşib. Zərərin predmeti kimi iri və xırdabuynuzlu heyvan, at, ev quşu, ot bağlaması, texnika, arı yeşiyi, qazılmış səngərlərə görə əkin sahələrinə dəymiş ziyan əsas götürülüb. Siyahıya əsasən, hərbi təcavüz nəticəsində Bərdə rayonunda 9, Ağcabədidə 55, Füzulidə 23, Goranboy/Naftalanda 22, Ağdamda 268, Cəbrayılda 1, Gəncədə 1, Tərtərdə 601 fermerin əkin sahələrinə, kənd təsərrüfatı texnikasına, kənd təsərrüfatı məhsullarına, heyvanlarına zərər dəydiyi təsdiqlənib. Bu zərərin qarşılanması üçün Prezidentin sərəncamı ilə zəruri vəsait ayrılıb və həmin vəsait zərərçəkmiş fermerlərin adlarına açılmış kart hesablarına köçürülüb.

Eyni zamanda vətəndaşlara şəxsi əşyalarına dəyən zərərə görə kompensasiya hesablanaraq bu ilin yanvarında ödənilməsi təmin edilib. Bununla yanaşı, fevral ayından etibarən ətraf rayonlarda dağıdılan evlərin təmiri və yenidən tikilməsi prosesinə start verilib. İndiyədək təmir-bərpa olunan, yenidən tikilən evlərin sayı on minlərlədir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə başlanılıb - Finans.az

Azərbaycan dövləti müharibədən zərərçəkənlərə, qazilərə, şəhid ailələrinə qayğı ilə yanaşı Ermənistanın viran qoyduğu rayonlarımızın bərpası istiqamətində də çox nəhəng işlərə start verib. Bu işlər ərazilərin minalardan təmizlənməsindən tutmuş, avtomobil yollarının çəkilməsi, elektrik, su təchizatının bərpa edilməsi, hava limanlarının tikilməsi kimi çoxsahəli istiqamətlər üzrə aparılır.

Müharibədən dərhal sonra başladılan böyük yol layihələrinin sayı 10-a yaxındır. Bunların arasında olan Əhmədbəyli-Füzuli-Şuşa yolunun təməli bu ilin yanvarında qoyulub. Layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 km təşkil edəcək.

Azad olunmuş ərazilərdəki ən mühüm yol layihəsi, sözsüz ki, Füzuli rayonundan Şuşa şəhərinə çəkilən “Zəfər” yoludur. Uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.

İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80.7 km təşkil edir.Yolun Murovdağ silsiləsindən keçən hissəsi demək olar ki, bütünlüklə dağların altından çəkiləcək tunellərdən ibarət olacaq.

Azad olunan bölgələrdə sürətlə icra olunan daha bir yol layihəsi Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoludur. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39.7 kilometrdir. Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

Aprel ayından etibarən Azərbaycanın azad olunmuş ərazilərində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisinə də başlanıb. Avtomobil yolunun uzunluğu 124 kilometrdir. Yol 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

Azərbaycan hökuməti Bərdə şəhərindən Ağdama qədər dəmiryolu xəttinin bərpasına yanvar ayından başlayıb. Bu yolla yanaşı, yeni avtomobil yolunun da tikintisinə başlanıb. Yolun uzunluğu 44,5 kilometr təşkil edəcək. Yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə başlanılıb VİDEO -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Digər bir layihə Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisidir. Bu yolun uzunluğu 66 kilometr təşkil edəcək.

Azad olunmuş ərazilərdə işlərin bir istiqamətini də elektrik enerjisi təchizatının təmin olunması təşkil edir. Azərbaycan artıq Laçın və Kəlbəcərdə ermənilər tərəfindən dağıdılan kiçik su elektrik stansiyaların ikisini bərpa edərək istismarına başlayıb, digərlərinin bərpası işləri gedir. İndiyədək “Azərenerji” tərəfindən Füzulidən Şuşaya 75 km, Daşkəsəndən isə Kəlbəcərə 70 km məsafədə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilib və 110/35/10 kV-luq “Şuşa” və “Kəlbəcər” yarımstansiyaları tikilərək istismara verilib. Həmçinin Füzuli şəhərində 110/35/10 kV-luq “Füzuli” yarımstansiyası tikilib, eyni zamanda Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının hər birində 110/35/10 kV-luq yarımstansiyalar tikilir.

Azərbaycan dövləti həmçinin yaşayış məntəqələrinin bərpasına da başlayıb. Zəngilan rayonunda ilk kəndlərin “ağıllı kənd” olaraq bərpasına start verilib. Eyni zamanda bir neçə şəhərin bərpa layihələri hazırlanıb.

Nəhayət, Azərbaycan azad olunmuş ərazilərdə 3 müasir səviyyəli hava limanının tikintisinə başlayıb: Füzuli, Zəngilan, Laçın. Artıq Füzuli hava limanına ilk təyyarənin enişi təmin edilib.

Prezident İlham Əliyevin Füzuli və Şuşaya səfərindən - FOTOREPORTAJ |  Report.az

Prezident İlham Əliyevin verdiyi məlumatdan aydın olur ki, bütün bu işlərin hamısı bilavasitə Azərbaycan dövlətinin öz hesabına maliyyələşdirilir: “Təbii ki, bütün bunlar böyük vəsait tələb edir və bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir, öz hesabına edir və edəcək. O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur. Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”.“Yeni Müsavat”