“NORM”-un “TEXNİKİ SƏHVİ” – Sement istehsalındakı inhisarçılıq öz “bəhrələrini” verir

“NORM”-un “TEXNİKİ SƏHVİ” – Sement istehsalındakı inhisarçılıq öz “bəhrələrini” verir

29 Avqust 2021 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın iki əsas sement istehsalçısı olan "Norm” MMC və "Holcim” MMC daxili bazarda istədiklərini etməkdədirlər. İş o yerə çatıb ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti gec də olsa, sement bazarında baş verənlərə müəyyən müdaxilələr etməli olub. Bu müdaxilələrin bazardakı vəziyyətə müsbət mənada ciddi təsir göstərdiyini demək çətindir, ancaq hər halda, bunun özü də hardasa müsbət tendensiya sayıla bilər...

Oxuməni.az Azpolitika.info-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ötən gün yaydığı məlumata görə, sement bazarında aparılan təhlillər göstərir ki, rast gəlinən ciddi nöqsanlardan biri də bazarda hökmran mövqe tutan sahibkarların kontragentə sərfəli olmayan şərtləri məcburi qəbul etdirməsi və topdansatış zamanı alıcılar arasında bərabər şəraitin yaradılmamasıdır. Bu cür hallar isə rəqabətin məhdudlaşdırılmasına, digər sahibkarların və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxara bilər.

Dövlət Xidməti bildirir ki, bir müddət əvvəl sement və klinker bazarında aparılan araşdırmalar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə "Norm" ASC-yə qarşı işin qaldırılması ilə nəticələnib. Sonda qeyd olunur ki, Dövlət Xidməti bazarda hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Bunun ardınca, “Norm” ASC tez-tələsik açıqlama ilə çıxış edib və baş verən açıq inhisarçılıq mövqeyindən sui-istifadə faktına özünəməxsus izahat verib. Şirkət qeyd edib ki, müştərilərinə qarşı törətdiyi qanun pozuntusu, sadəcə, “texniki səhv” olub: “Bütün müştərilərlə münasibətlərini bərabər hüquqlu əsaslarla təşkil edən və beynəlxalq standartlara uyğun məhsul istehsal edən “Norm” ASC 26.08.2021-ci il tarixində mətbuatda yayımlanan və kontragentə məcburi şərtlər qəbul etdirilməsi ilə bağlı yazılan məlumatlarla əlaqədar bildirir ki, şirkət 100-dən çox korporativ müştəri ilə əməkdaşlıq edir və yalnız dörd müştəri ilə bağlanmış müqavilədə texniki səhvə(!) yol verilmişdir. Habelə, texniki səhv olaraq müqavilədə əks olunan bənd aşkar olunan kimi, dərhal tərəfimizdən aradan qaldırılmış və qısa müddət ərzində bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilmişdir...”

Fikir verin, söhbətin hansı “texniki səhv”dən getdiyi açıqlanmır və belə çıxır ki, Dövlət Xidməti həmin “texniki səhv”i aşkarlamasaydı, şirkət kefi istədiyi şərtləri alıcılara sırayacaqdı. Sözsüz ki, həmin “texniki səhv” alıcıların xeyrinə olmayıb, yoxsa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müdaxilə etməzdi. Məlum məsələdir ki, məhz bu cür “texniki səhvlər” qiymət artımı da daxil olmaqla, iqtisadiyyatımız üçün müxtəlif növ ciddi fəsadlara gətirib çıxarır.

Təəssüf ki, istər “Norm”, istərsə də “Holcim”-in inhisarçıya çevrilməsində müvafiq dövlət strukturları həlledici rol oynayıblar. İndi bu şirkətlər qiymətdən tutmuş çəkiyə, keyfiyyətə qədər bütün parametrlər üzrə bazarda istədikləri oyunları çıxara bilirlər. Elə “Norm”-un “texniki səhvi” də bunun bariz göstəricisidir. Ortadakı mənzərə isə ondan ibarətdir ki, tikinti sektoru, sıravi vətəndaşlar, alıcılar və ümumilikdə ölkə iqtisadiyyatı həmin bu inhisarçılığın acı nəticələri ilə üz-üzə qalıb.

Uzun müddət bir-birilə rəqabət aparan bu şirkətlər eyni zamanda, bir növ birləşərək kiçik rəqiblərini asanlıqla və əlbirliyi ilə vurub bazardan çıxarıblar və bu işdə müvafiq icra orqanlarının da xüsusi “zəhməti” olub. Təkcə onu xatırlatmaq kifayətdir ki, mətbuatda dərc olunan məlumatlara görə, "Norm” MMC -nin hələ "Qafqazda ən böyük sement zavodu”nu tikən zaman ətrafdakı sement istehsalçıları ilə ciddi mübahisəsi düşmüşdü. Əsasən məcburi köçkünlərin iş yeri olan həmin sement istehsalı müəssisələrinin istifadə etdikləri yataqlar onların əlindən alınmışdı. Bu işdə "Norm” MMC-yə Qaradağ rayonunun İcra Hakimiyyətinin də yardım etdiyi bildirilirdi. Sahibkarların və məcburi köçkün işçilərin həmin ərazilərdən çıxarılmasına rayonun polis qüvvələri də cəlb edilmişdi. Nəticədə, həmin sahibkarların şirkətləri zor gücünə ərazidən, müvafiq olaraq da sement bazarından qovulmuşdular. Və bütün bu proseslər də sonda sement bazarında inhisarçılığın yaranması ilə nəticələndi...