Ermənilərin çirkin niyyəti üzə çıxdı: Suqovuşan və Sərsəng su anbarlarını qurutmaq istəyirlər

Ermənilərin çirkin niyyəti üzə çıxdı: Suqovuşan və Sərsəng su anbarlarını qurutmaq istəyirlər

6 Sentyabr 2021 16:10
Bəyəndim (2) Bəyənmədim (0)

Rus “sülhməramlı”ları Xankəndini içməli su ilə təchiz etmək üçün işğal altındakı ərazilərdə su anbarı tikirlər. Onların nəzarəti altında aparılan bu tikintidən Azərbaycan hakimiyyətinin xəbəri varmı? Vardırsa, niyə ondan icazə almayan erməni separatçılarına və onları qoruyan rus “sülhməramlı”larına göz yumur?

Oxuməni.az xəbər verir ki, Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov bu mövzuda moderator.az saytına açıqlama verib. Onun sözlərinə görə, erməni separatçılarının bu qanunsuz fəaliyyətinə rus “sülhməramlı”larının göz yumması Moskvanın vasitəçilik tərəfsizliyinə kölgə salır.

“Əvvəla, Rusiya guya Qarabağda sülhməramlı missiya ilə çıxış edir. Sülhməramlı qüvvə mütləq tərəfsiz olmalı və fəaliyyət göstərdiyi ərazilərdə beynəlxalq hüquq normalarına, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Yadınızdadırsa, 44 günlük Vətən müharibəsi dövründə Rusiya dəfələrlə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən etiraf etmişdi. Qarabağa da guya azərbaycanlılarla ermənilər arasında münasibətləri yoluna qoymaq, bu ərazidə yaşayan erməniləri Azərbaycana inteqrasiya etdirmək üçün gəlib. Bu ideya ilə çıxış edən qüvvə öz missiyasına uyğun hərəkət etməli, ermənilərin özbaşınalığına imkan verməməlidir. Rusiya isə gah Ermənistanı silahlandırır, gah Qarabağın “müstəqilliyi”ni tanıyan addımlar atır, gah da Azərbaycan qarşısında suverenlik haqlarımızı heçə sayan tələblər qoyur. Sözsüz ki, bu mövqe onun iddia etdiyi missiyaların çərçivəsinə sığmır”.

İlyas İsmayılovun fikrincə, Azərbaycanın buna reaksiyası sərt olmalıdır. Rəsmi Bakı onun razılığı alınmadan tikilən su anbarının inşasının dayandırılmasını tələb etməli, tələbləri yerinə yetirilmədiyi təqdirdə həmin obyekt barəsində hərbi ölçü götürməlidir: “Çünki bu cür tikililər ölkənin fauna və florasını təhlükə altına ata bilər. Üstəlik, Azərbaycanın bir çox rayonlarının su ilə təchizatı üçün hələ sovet hökuməti dövründə inşa olunan su anbarlarının qidalanmasına zərər vurmaq ehtimalı da var. Bütün bu amillər hesablandıqdan sonra belə tikililərə icazə vermək olar”.

Partiya sədrinin iddiasına görə, Dağlıq Qarabağ ərazisi Azərbaycan coğrafiyasında ən sulaq bölgə kimi tanınır: “Faktiki olaraq bu ərazidə yağmur miqdarı buxarlanma miqdarını aşır. Dolayısıyla bölgənin su təchizatı üçün xüsusi anbarların tikintisinə də ehtiyac yoxdur. Bu problemi həll etməyin başqa alternativləri də ola bilər və bunu müfaviq qurumlar qərar verməlidir”.

Qeyd edək ki, ermənilər son 30 ildə rastlaşmadıqları su qıtlığı ilə üzləşdiklərini iddia edirlər. Onların iddiasına görə, Xankəndini qidalandıran 3 kanaldan birinin suyu tamamilə quruyub, digərlərində isə sərfiyyat midarı 2/3 həddə azalıb. Guya, bu səbəbdən də ermənilər Xankəndi yaxınlığında su anbarı tikirlər və onları rus “sülhməramlı”ları qoruyur.

İlyas İsmayılov isə bu arqumenti şübhəli sayır. Onun fikrincə, məqsəd uydurma faktlarla Suqovuşan və Sərsəng su anbarlarını qurutmaq ola bilər.