Gömrükdə sahibkara qarşı özbaşınalıq - "Rüsumu ödəmişik, malları ölkəyə buraxmırlar"

Gömrükdə sahibkara qarşı özbaşınalıq - "Rüsumu ödəmişik, malları ölkəyə buraxmırlar"

8 Sentyabr 2021 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

“İSELA” MMC sahibkarlıq subyekti kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçib və xaricdən müxtəlif çeşiddə malların ölkəyə idxalı ilə məşğuldur. Hazırda gömrükdə MMC-nin sahibkarlıq fəaliyyətinə maneələr, bürokratik əngəllər yaradılır".

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu "AzPolitika.info"-ya adıçəklən şirkətin qanuni nümayəndəsi Elnur Abbaszadə bildirib.

O, qeyd edib ki, bir neçə gündür MMC tərəfindən idxal olunan divar saatları ölkəyə buraxılmır: "Həmin malların gömrük dəyəri tamamilə ödənilib. Problemlə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) "qaynar xətti" olan “195-6” ilə əlaqə saxlanlıb, oradan bildirildi ki, bu məhsulların ölkəyə idxalı üçün heç bir əlavə rüsum ödənilməməlidir. Amma Dövlət Vergi Xidməti ilə əlaqə saxlamalıyıq. Xidmətdən isə əksinə, bu məsələnin DGK-ə aid olduğunu bildirdilər".

E. Abbaszadə qeyd edir ki, bunlar bəhanədir, əslində sözügedən malların ölkəyə buraxılmaması ilə bağlı qeyri-qanuni göstəriş verilib: "Bu göstərişi isə rütbəsindən, vəzifəsindən sui-istifadə edən məmurlar verib. Gömrük Komitəsi də qanunlara, Prezidentin sahibkarlarla bağlı tapşırıq və tövsiyyələrinə əməl etmək əvəzində, belə məmurların göstərişlərini yerinə yetirir. Bu cür qanunsuz əməllər sahibkarların incidilməsi ilə yanaşı pandemiyada çətin günlər keçirən ölkə iqtisadiyyatına əlavə zərbədir".

Şirkətin nümayəndəsi əlavə edir ki, bir neçə gündür, mallar Abşeron Gömrük Postunda qalıb.

O, vurğulayıb ki, problemin həlli üçün aidiyyatı üzrə dövlət qurumlarına dəfələrlə müraciət olunsa da heç bir nəticəsi olmayıb: "Ümid edirik ki, bu məsələ ictimailəşəndən sonra qanunsuzluq, bürokrtaik əngəllər aradan qaldırılacaq".