Büdcədən kənarda qalan 52 rayon: Özlərini necə dolandıracaq?

Büdcədən kənarda qalan 52 rayon: Özlərini necə dolandıracaq?

30 Oktyabr 2021 00:07
Bəyəndim (0) Bəyənmədim (0)

2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.

Oxuməni.az-ın verdiyi xəbərə görə, layihəyə əsasən, dövlət büdcəsindən Ağdam (4 milyon 980 min manat), Balakən (1 milyon 612 min manat), Cəbrayıl (2 milyon 874 min manat), Goranboy (2 milyon 156 min manat), Xocalı (1 milyon 527 min manat), Xocavənd (1 milyon 540 min manat), Kəlbəcər (3 milyon 528 min manat), Qax (5 milyon 476 min manat), Laçın (2 milyon 416 min manat), Lerik (2 milyon 434 min manat), Oğuz (2 milyon 484 min manat), Yardımlı (2 milyon 103 min manat), Zəngilan (1 milyon 409 min manat) və Zərdab (2 milyon 917 min manat) vəsait alacaq. Bu rayonlara cəmi 37 milyon 456 min manat vəsait ayrılacaq.

Maraqlıdır, hansı xərclərin kəsilməsi nəzərdə tutulur?

İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a açıqlamasında bu məsələnin şişirdildiyini deyib.

O bildirib ki, Azərbaycanda mövcud qanunvericiliyə uyğun olaraq xərclərin 90-95 faizi dövlət tərəfindən mərkəzləşdirilmiş formada maliyyələşir: “Yəni təhsilin, səhiyyənin saxlanmasına, mədəniyyət-idman tədbirlərinə, yol-nəqliyyat infrastrukturunun saxlanmasına dövlət büdcəsindən vəsait ayrılır.

Pensiya sistemi Dövlət Sosial Müdafiə Fondu tərəfindən maliyyələşir. Burada rayonlar öz xərclərini kompensasiya edir - bu, meyar deyil. Çünki qanunvericiliklə oynamaqla bu meyarda ciddi dəyişikliyə gətirib çıxarmaq olur. 2015-ci ildə əgər 5 bölgə öz xərclərini kompensasiya edirdisə, 2016-2017-ci illərdə bu davamlı artdı, birdən-birə 40 rayondan çox oldu. Sadəcə qanunvericiliyə dəyişiklik etdilər, təhsil xərclərini mərkəzləşdirilmiş xərclər siyahısına daxil etdilər. Yerli xərclərdən məktəbəqədər təhsilə 200-300 milyon manat vəsait ayrılır. Bunu mərkəzləşdirilmiş xərclər siyahısına daxil edib adını qoydular ki, artıq 40 rayon özü-özünü təmin edir”.

Analitik deyir ki, cəmi 65 rayona tələb olunan büdcə 800-900 milyon manat ətrafında olub: “Dövlət büdcəsindən də kompensasiya etmək məqsədi ilə ayrılan pul 2021-ci ildə 54 milyon manat olub. Hər rayona təxminən 1-2 milyon manat pul düşür. Buna görə də bu, meyar deyil. Daha yaxşı olar ki, meyar olaraq rayonlar üzrə gəlirlərin artım dinamikasına baxılsın. Bununla ölçü aparmaq olar”.

Rəşad Həsənovun sözlərinə görə, yerli xərclərə əsasən rayon icra hakimiyyətlərin saxlanılması, mədəni tədbirlərin maliyyələşdirilməsi kimi az əhəmiyyətli bir neçə xərc daxildir: “İnfrastruktur, təhsil və sair hamısı dövlət büdcəsindən maliyyələşir. 2021-ci ildə 23 rayonda yerli xərclərin ödənilməsi məqsədilə büdcədən ayırmalar ediləcəkdi. Bu, 2022-ci ildə 14 rayon olacaq. Bunların da 7-si işğaldan azad olunan rayonlardır. Bu, başadüşüləndir. Amma bu məsələni “rayonlar özləri öz xərclərini ödədi” kimi şişirdilib qabardılması düz deyil.

65 rayonun əldə etdiyi gəlir təxminən 800-900 milyon manatdır. Bu, hətta dövlət büdcəsinin ümumi gəlirlərinin 2 faizini belə təşkil etmir. Bu məsələ ilə manipulyasiya edildiyini düşünürəm”.