"5 İLƏ DÖVLƏT BÜDCƏSİ 100 MİLYARDA ÇATAR..."

"5 İLƏ DÖVLƏT BÜDCƏSİ 100 MİLYARDA ÇATAR..."

15 Noyabr 2021 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

"Ölkəmizin insan resursları və iqtisadi potensialı imkan verir ki, radikal iqtisadi islahatlar aparmaqla 5 il ərzində büdcənin gəlirlərini 2022-ci il üçün proqnozlaşdırılan 26,8 milyard manatdan 100 milyard manata çatdıraq".

Oxuməni.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi haqda danışarkən deyib.

Deputatın fikrincə, dövlət büdcəsinin gəlirlərini qısa müddətdə bir neçə dəfə artırmaq üçün üçün iri dövlət şirkətləri, müəssisələri, xəstəxanalar, əksər ali məktəblər, xidmət sahələri özəlləşdirilməli, bəziləri isə uzun müddətə təcrübəli şirkətlərə istifadəyə verilməlidir. "Dövlət inhisarçı şirkətləri parçalamalı, bütün sahələrdə güclü rəqabət mühiti yaratmalı, bizneslə məşğul olmamalıdır. O, iqtisadiyyatda yalnız tənzimləyici funksiya yerinə yetirməlidir. Azərbaycan digər Cənubi Qafqaz ölkələri kimi Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qısa müddətdə üzv olmalıdır".

Partiya sədri islahatların digər bir istiqamətini də göstərir: "Bundan başqa məhkəmə-hüquq islahatları dərinləşdirilməli, bu sahədə çalışan işçilərin maaşları o həddə qədər artırılmalıdır ki, ləyaqətli həyatlarını təmin edə bilmələri üçün qanunsuz yollarla əlavə gəlir əldə etmək barədə düşünməsinlər. Çünki həmin vəsait vətəndaşlardan və iş adamlarından müxtəlif yollarla alınacaq. Bir dəfə qanunu pozan şəxs, ailəsini dolandırmağa bəs edəcək qədər maliyyə əldə edib dayanmayacaq. Beləliklə də, cəmiyyətdə hüququn aliliyi, ədalət və mülkiyyət toxunulmazlığı xəyallara çevriləcək. Ona görə də bu kateqoriyadan olan şəxslərin əmək haqlarının artırılmasının zərurliyi barədə danışanda, əsasən bunu nəzərdə tuturam. İnsanlara daşıdıqları vəzifənin məsuliyyətinə, gördükləri işin həyat və sağlamlıq üçün yaratdığı təhlükəyə, işin ağırlığına, işçinin yaratdığı dəyərə görə maaş təyin olunmalıdır. Ona görə heç kim mənim çıxışlarımdan həyəcanlanmasın".

Q.Həsənquliyev hesab edir ki, sözügedən kateqoriydan olan insanların maaşlarının artırılması pensiyaçının, müəllimin, həkimin, hərbçinin, bir sözlə, hər kəsin xeyrinədir. "Məhz bu səbəbdən, həm də ləyaqətli yaşamaları üçün mən həmişə dövlət hakimiyyət orqanlarında çalışan şəxslərə yüksək maaşların verilməsinin tərəfdarı olmuşam və bu barədə açıq çağırışlar etmişəm. Bütün bunlar BAXCP-nin seçki platformalarında öz əksini tapıb. Uğurlu əmək haqqı siyasəti ilə iqtisadi islahatlara başlamaq lazımdır. Sinqapur təcrübəsi (möcüzəsi) gözlərimiz önündədr. Əks halda onlar iqtisadiyyatın inkişafı qarşısında böyük əngələ çevriləcəklər, xarici və yerli investorlar iqtisadiyata vəsait yatırmayacaq, müasir texnologiyaların ölkəyə gətirilməsi problemə çevriləcək, büdcə neft gəlirlərindən asılı olaraq qalacaq və biz ölkəmiz üçün kiçik hesab oluncaq bu büdcə ilə nə elmə və təhsilə, nə də işsizlərin və aztəminatlı ailələrin sosial müdafiəsinə yetərincə maliyyə ayıra bilməyəcəyik. Onu da qeyd etməliyəm ki, aparılacaq siyasi və hüquqi islahatlar yolu ilə hökumətin fəaliyyətinə və büdcənin icrasına parlament nəzarəti gücləndirilməlidir. Bu yolla biz ölkəyə böyük məbləğdə sərmayə cəlb edə və büdcə vəsaitlərindən səmərəli istifadəni təmin edə bilərik".

"Büdcə müzakirələrində isə bu il yenilik ondan ibarət oldu ki, Milli Məclisin sədri hörmətli Sahibə xanımın təşəbbüsü ilə İqtisadiyyat Komitəsində müzakirələrə parlamentdə təmsil olunan siyasi partiyalar da dəvət olunmuşdu. Komitə sədri Tahir Mirkişili isə tam demokratik və peşəkar bir müzakirə keçirilməsini təmin etdi. Əlbəttə, daha yaxşı olardı ki, parlamentdə fraksiyalar olsun və müzakirələr də fraksiyalarda aparılsın", - deputat fikrini yekunlaşdırıb.AzPolitika