Təlim başladı: Dövlət onlara iş yeri açıb avadanlıqlar verəcək - Video

Təlim başladı: Dövlət onlara iş yeri açıb avadanlıqlar verəcək - Video

6 Dekabr 2021 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

İşğaldan azad olunmuş ərazilərimizə qayıdacaq sakinlərin məşğulluğu diqqətdə saxlanılacaq. Artıq bununla bağlı ilk layihənin icrası yekunlaşmaq üzrədir. Layihə çərçivəsində Zəngilan rayonunun Ağalı kənd sakinləri təlimlərdə iştirak ediblər. 30-a yaxın kənd sakini növbəti mərhələdə müxtəlif avadanlıqlarla təmin olunacaqlar.

Oxuməni.az xəbər verir ki, işğaldan azad olunan ərazilərə qayıdış zamanı sakinlərin məşğulluğunun təmin edilməsi ilə bağlı yeni layihənin icrası yekunlaşır.

Layihə çərçivəsində Zəngilan rayonunun Ağalı kənd sakinləri təlimlərə cəlb olunublar. Təlimlər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilib. Dövlət Məşğulluq Agentliyinin department rəhbəri Hacı Əliyev "Xəzər Xəbər"ə bildirib ki, doğma yurdlarına qayıdacaq sakinlərin bir qismi üçün kiçik təsərrüfatlar yaradılacaq.

Departament rəhbəri qeyd edib ki, belə layihələr bundan sonra da davam etdiriləcək. Özünüməşğulluq proqramı 10-dan çox fərqli istiqamətləri əhatə edəcək.

Hacı Əliyev əlavə edib ki, təlim iştirakçılarına sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Ağalı kənd sakinləri avtoservis, inşaat, məişət avadanlıqlarının təmiri, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və digər sahələr üzrə özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin olunacaqlar.