Rusiyadan Azərbaycana uçmaq müşkülə dönüb, cəmi iki aviareys qalıb...

Rusiyadan Azərbaycana uçmaq müşkülə dönüb, cəmi iki aviareys qalıb...

10 Mart 2022 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bir sıra xarici aviaşirkətlər Qərb ölkələri tərəfindən tətbiq edilən sanksiyalardan və hava məkanının bağlanmasından sonra Rusiyadan uçuşları hələ də davam etdirirlər. O cümlədən Rusiyadan Azərbaycana hazırda iki aviaşirkətlə uçmaq mümkündür.

Oxuməni.az xəbər verir ki, “tutu.ru” servisi Rusiyadan uçuşlar həyata keçirən aviaşirkətlərin siyahısını yayıb. Belə ki, Rusiyadan Qazaxıstana “AirAstana”, “FlyArystan” və “Qazag” aviaşirkətləri uçuşlar keçirir. Özbəkistanın “Uzbekistan Airways” və “Qanot Sharq” aviaşirkətləri də Rusiyadan uçuşları davam etdirir. Ermənistana isə Rusiyadan “Armenia” və “Flyone Armenia” şirkətlərinin təyyarələri ilə uçmaq mümkündür. O cümlədən “Avia Air Traffic” şirkəti Qırğızıstana reys həyata keçirir.

Daha 20-dən çox aviaşirkət isə Rusiyadan uzaq xaricə reysləri həyata keçirir. Onların arasında “Air Arabia”, “Emirates”, “Etihad Airways” və “FlyDubai” da var. Türkiyənin “Turkish Airlines” və “Pegasus Airlines” şirkətləri isə Rusiyadan Türkiyəyə reysləri davam etdirir. Rusiyanın özünün hava yolları şirkətindən isə xaricə uçuşları davam etdirənlər ancaq “Utair” (Ermənistana və Türkiyəyə), “Red Wings” (Ermənistana və Özbəkistana), “Yamal” (Tacikistana), “İrAero” (Azərbaycana və Ermənistana) və “Azimut” (Ermənistana, Türkiyəyə və Azərbaycana) şirkətləridir. Qalan şirkətlər, o cümlədən ən iri aviadaşıyıcı “Aeroflot” xaricə bütün reyslərini dayandırıb. Xəbər verildiyi kimi, Azərbaycanın AZAL və “Buta” aviaşirkətləri də Rusiyaya bütün uçuşları dayandırıb. Çünki bu şirkətlərin istifadə etdiyi təyyarələr əslində lizinqdədir və ABŞ şirkətləri tərəfindən sığortalanıb. İndiki halda isə ABŞ Rusiyaya və oradan uçan təyyarələri sığortalamaqdan imtina edir.

Göründüyü kimi, Rusiyadan Azərbaycana uçmaq indi kifayət qədər çətinləşib və hətta praktiki olaraq qeyri-mümkün olub. Mövcud reyslərdə isə biletlər dəfələrlə bahalaşıb. Bu da Rusiyadan azərbaycanlıların Azərbaycana gəlişində ciddi problem yaradır. Rusiyada rubl kəskin dəyər itirdiyindən və iqtisadi çöküş başladığından ehtimal etmək olar ki, dolanışıq dalınca bu ölkəyə üz tutan azərbaycanlıların bir çoxu geri qayıtmağı qərara alacaq. Amma hansı yolla, bu məlum deyil.

Rusiyadakı azərbaycanlılar üçün təkcə gediş-gəliş yox, həm də yaxınlarına pul göndərmək də qəlizləşib. Bəlli olduğu kimi, Azərbaycanın cənub rayonlarından dolanışıq dalınca Rusiyaya üz tutanlar kifayət qədər çoxdur. Və indi onlar yaxınlarına Novruz bayramı ərəfəsində pul göndərə bilmirlər.

"Oğlanlarımın ikisi də Rusiyadadır. Burada rus məktəbində oxuyublar, ali təhsil aldılar. İş tapa bilmədilər, getdilər Rusiyaya. Yaxşı işləri var. İndi vəziyyət yaxşı deyil". Bunu adının çəkilməsini istəməyən Lənkəran rayon sakini deyir. O, sözünə belə davam edir: "Novruz bayramı (20-21 mart) ərəfəsində həmişə pul göndərərdilər. Bayramı keçirdirdim. Bu il isə hələ pul göndərə bilməyiblər. İki dəfə pul göndərmək istəyiblər, alınmayıb. Onlarla danışıram. Deyirlər ki, hər şeyi demək olmur, qulaq asırlar. Ona görə mən də bilmirəm, onlar necədirlər? Rusiyadan rubl gəlir, hesablayıb Azərbaycan manatı verirlər. Oradan kimsə bir tanış adam gələndə nağd rus pulu gətirir, bazarda dəyişirəm".

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında sərnişin qatarları koronavirus pandemiyası nəticəsində dayandırılmışdı və həmin reyslərin nə vaxt bərpa ediləcəyi məlum deyil.virtualaz.org