Su oliqarxlarının sonu çatdı: çoxbaşlı əjdahalardan qurtulduq?

Su oliqarxlarının sonu çatdı: çoxbaşlı əjdahalardan qurtulduq?

1 Aprel 2023 16:52
Bəyəndim (0) Bəyənmədim (0)

Zaman-zaman mütəxəssislər, iqtisadçı alimlər “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin birləşdirilməsini təklif edirdilər. Əsas arqument paralel idarəçiliklə bağlı olub.

Nəhayət, ekspertlərin təklifləri dəyərləndirildi və martın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə adı çəkilən qurumlar əmlakları ilə birlikdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildi.

Xatırladaq ki, “Azərsu”nun adı mediada rüşvət və korrupsiya məsələlərinə görə tez-tez hallandırılır. Bu günlərdə isə Hesablama Palatası hesabatında “Azərsu”nun adı 72 milyon dollar vəsaitin israf olunmasında çəkildi.

Maraqlıdır, iki qurumun birləşdirilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə verilməsi bu sahədəki neqativ halları aradan qaldıracaqmı?

Qeyd edək ki, dünyada olduğu kimi, Azərbaycanda da su qıtlığı var. Son bir ayda Kür çayının Kürdəmir, Saatlı, Sabirabad, Neftçala, Salyandan keçən hissəsində çayın quruması ilə bağlı çoxsaylı yazılar gedib, hətta etiraz aksiyası da keçirilib. Bəs son birləşdirilmə Azərbaycanda su təsərrüfatında yeni yanaşmanın ortaya çıxmasına səbəb olacaqmı?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı ekspert, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib ki, qurumlar arasında koordinasiyaların olmaması, əlaqələndirmədəki boşluqlar son illərdə açıq şəkildə görünürdü.

Elşad Məmmədov

Ekspert deyib ki, qurumların birləşdirilməsi bütövlükdə düşünülmüş və adekvat addım kimi dəyərləndirilməlidir:

“Su resurslarının Azərbaycanda sosial- iqtisadi inkişafa mütənasiblik təşkil etməməsini açıq görürük. Ona görə də son zamanlardakı problemlərin aradan qaldırılmasının bir mühüm istiqaməti də məhz islahatların aparılması və qurumlar arasındakı əlaqələndirilməni təşkil etmək idi. Düşünürəm ki, imzalanan sərəncam bu istiqamətdə atılmış mühüm addım kimi dəyərləndirilməlidir”.

E.Məmmədov deyib ki, Azərbaycanda iri dövlət qurumlarına dövlət dəstəyinin olmasına baxmayaraq, onların idarəetməsindəki problemlər hiss olunurdu:

“Problemlərlə barədə ölkə başçısı dəfələrə fikirlər bildirib. Hesab edirəm ki, bu istiqamətdə qəbul olunmuş qərarın effektivliyi menecment və idarəetmənin nə dərəcədə təsirli olması, səmərəli qərarların qəbul edilməsi ilə bağlı olacaq.

Xatırladım ki, ekspert hesablamalarına görə Azərbaycanın su resurslarının təxmini 20-25 faizi işğaldan azad olunmuş ərazilərin payına düşür və bu da o deməkdir ki, həmin su resurslarının ölkə iqtisadiyyatında dövriyyəyə verilməsi, ölkənin sosial-iqtisadi inkişafına xidmət etməsi olduqca ciddi çağırışdır. Qərarı müsbət dəyərləndirirəm. Amma yenə də deyirəm: bu qərarın faktiki nəticələri xeyli dərəcədə yeni qurumun menecment və idarəetməsinin nə dərəcədə effektiv olmasından asılı olacaq”.Qlobalinfo.az