Təmiz enerji keçidi: 2050-ci ilə qədər 1 milyon mədənçi işsiz qala bilər

Təmiz enerji keçidi: 2050-ci ilə qədər 1 milyon mədənçi işsiz qala bilər

10 Oktyabr 2023 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada mədənlərin bağlanması planları, bazarın ucuz və təmiz enerji mənbələri olan külək, günəş enerjisi sektoruna çevrilməsi səbəbindən 2050-ci ilə qədər təxminən 1 milyon mədənçinin işdən çıxarılma riski ilə üzləşdiyi müəyyən edilmişdir.

Beynəlxalq beyin mərkəzi «Global Energy Monitor» (GEM) tərəfindən hazırlanan «Global Coal Mine Tracker» hesabatında qlobal kömür istehsalının 90 faizindən məsul olan 4300 aktiv və planlaşdırılan kömür mədənində məşğulluq məlumatları dərc edilib.

Bu çərçivədə ilk olaraq açıqlanan araşdırmaya görə, dünyada fəaliyyət göstərən kömür mədənlərində 2,7 milyon mədənçi birbaşa olaraq çalışır. Kömür sənayesinin 2035-ci ilə qədər yarım milyona yaxın iş yerini ixtisar edəcəyi proqnozlaşdırılır. Bu, gündə orta hesabla 100 işçinin ixtisar edilmə riski ilə üzləşməsi deməkdir. Proqnozlaşdırılan mədənlərin bağlanmasını nəzərə alsaq, 2050-ci ilə qədər təxminən 1 milyon iş yerinin itiriləcəyi təxmin edilir. Kömür mədənlərində ümumi məşğulluğun 2,2 milyonu Asiyada olsa da, mədənlərin bağlanmasından ən çox Çin və Hindistanda məşğulluğun təsirlənəcəyi proqnozlaşdırılır.

Dünya kömür hasilatının yarısından çoxunu təşkil edən Çində mədənlərdə 1,5 milyondan çox mədənçi çalışır. Rəsmi qeydlərə görə, dünyanın ikinci ən böyük kömür istehsalçısı olan Hindistanda 337 min 400 mədənçi çalışır.

Bu iki ölkəni 160 min mədənçi ilə İndoneziya, 109 min nəfərlə Rusiya və 90 min nəfərlə Avropa izləyir ki, bunun da əksəriyyəti Polşadadır. Hindistanın dövlət şirkəti olan «Coal India» 2050-ci ilə qədər 73 min 800 nəfəri işdən çıxarma riski olan şirkətlər arasında birinci yerdədir.

Türkiyədə isə mədənlərdə təxminən 12 min insanın işlədiyi və 2050-ci ilə qədər 2 min mədənçinin işsiz qalma riski ilə üzləşdiyi təxmin edilir.

«GEM Global Coal Mine Tracker»-in layihə meneceri Dorothy Mei, hesabatı qiymətləndirərkən, kömür mədənlərinin bağlanmasının qaçınılmaz olduğunu ifadə edib və işçilər üçün yaranacaq iqtisadi və sosial çətinliklərin qarşısının alına biləcəyini bildirib.

«GEM» Kömür Proqramının direktoru Rayan Driskell Tate deyib: "Əgər biz təmiz enerjiyə keçidin sadəcə danışmaqdan ibarət olmadığını təmin etmək istəyiriksə, işçiləri gündəmin birinci sırasına qoymalıyıq. Biz kömür mədənçilərinin və onların qayğıları ilə bağlı fəal olmalıyıq"- deyə fikir söyləyib.

Murad Şahməmməd