Ekspertdən sərt tənqid: Mərkəzi Bank görün bu milyonları nəyə xərcləyib...

Ekspertdən sərt tənqid: Mərkəzi Bank görün bu milyonları nəyə xərcləyib...

1 Mart 2021 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

"Mərkəzi Bank istismarda olan elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi üçün ötən il SİNAM şirkətinə 849895 AZN vəsait ayırıb. Bu qurum həmin il eyni vaxtda, istismarda olan bu sistemin proqram təminatının dəstəklənməsi üçün əlavə olaraq 299956 AZN də yenə həmin SİNAM şirkətinə ödəyib. Düşünürəm ki, cəmi 1 il müddətinə təkmilləşmə və dəstəklə bağlı adi, mövcud bir sənəd dövriyyəsi sisteminə milyondan çox vəsait ayırmaq ağlasığmazdır”.

Oxuməni.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, SİNAM şirkəti ya Mərkəzi Bankı aldadıb, ya da sövdələşmə var:

"Ötən il informasiya texnologiyaları (İT) sahəsinə ayrılan vəsaitlərə nəzər salıram. Təəccüblənməmək mümkün deyil. Bir sıra xərclərin ağlabatanlığı dərhal şübhə doğurur. Maraqlıdır ki, optimallaşma və səmərəliliklə bağlı tələblər mövcud olsa da, yenə hər dövlət qurumu özü üçün məxsusi İT həllər sifariş edir. Amma mahiyyətcə eyni olan bu həllərə kəskin fərqli dövlət vəsaitləri sərf olunur. Məsələn, az qala bütün dövlət qurumları elektron sənəd dövriyyəsi xidməti almaq, texniki dəstək və s. üçün tenderlər elan edir. eSatınalma resursundan müşahidə etmək olar ki, bir çox dövlət qurumlarının bu xidmətləri almaq üçün ayırdıqları xərclər ağlabatan və məntiqli görsənir. Amma Mərkəzi Bank eyni bir xidməti almaq üçün milyonlar xərcləyib. Bilmirəm, bəlkə də şirkət Mərkəzi Bankı aldadıb, bəlkə də sövdələşmə var. Adi məntiqlə yanaşsaq, bu qeyd olunan xidmətlər üçün, hətta sıfırdan yenidən hazırlamaq olsa belə, bu rəqəmlər ağlasığmazdır. Bunun hər hansı izahı yoxdur. Düşünürəm ki, bunlar həm də onun göstəricisidir ki, eGov-un inkişafına cavabdeh olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin eGov Mərkəzinin elektron hökumətin əlaqələndirilməsi sahəsindəki fəaliyyəti qənaətbəxş deyil. Qurum eGov sahəsində bir sıra uğurlu həllər təklif etsə də, bütövlükdə elektron hökumət quruculuğunda əlaqələndirmə sahəsində görülən işləri yetərli hesab etmək olmaz. eGov sahəsində İT layihələrin tətbiqində optimallaşma və ekspertiza sistemi yoxdur. Müxtəlif şirkətlərə məxsus eyni mahiyyətli rəqəmsal həllər müxtəlif dövlət qurumlarında müxtəlif, ağlasığmaz qiymətlərlə tətbiq olunursa, demək, burada effektiv eGov əlaqələndirməsindən danışmaq doğru olmazdı”.