Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış tarixi açıqlandı
Bakı-Tbilisi-Qars dəmir yolu iyunun 2-də rəsmi olaraq istifadəyə veriləcək. Oxuməni.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i ölkənin Dövlət Satınalmalar Agentliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, iyunun 2-də Axalsıx beynəlxalq vağzalında keçiriləcək təqdimatda layihəyə üzv ölkələrin yüksək vəzifəli rəsmilərinin iştirakı gözlənilir.
Sənəddə Bakı-Tbilisi-Qars layihəsinin mühüm milli və beynəlxalq əhəmiyyətə malik olduğu vurğulanır. Onun çərçivəsində stansiyalar, körpülər, terminallar, tunellər və yarımstansiyalar tikilib, həmçinin 235 km-ə qədər yeni dəmir yolu xətti çəkilib. İnfrastruktur müasir standartlara cavab verir və Gürcüstan, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi strateji nəqliyyat dəhlizinin bir hissəsi kimi qəbul edilir.
Təşkilatçılar açılış mərasiminin keçirilməsinin üzv ölkələr arasında razılaşma, həmçinin xəttin istismarı və idarə edilməsi ilə bağlı bir sıra texniki və hüquqi məsələlərin həllini tələb etdiyini vurğulayırlar.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən test rejimində fəaliyyət göstərir. 2026-cı il mayın 19-da Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri zamanı onun rəsmi istifadəyə verilməsi barədə sənəd imzalanıb. Layihənin aktivlərinin idarə edilməsi üzv ölkələrin birgə şirkəti olan “BTKI Railways” tərəfindən həyata keçiriləcək.
Dəmir yolunun illik buraxılış qabiliyyəti təxminən 5 milyon ton təşkil edir, lakin son illərin məlumatlarına görə, bu gücün 10%-dən azı istifadə olunur.
Layihə çərçivəsində 98 km yeni xətt tikilib ki, bunun 68 km-i Türkiyə ərazisindən, 30 km-i isə Gürcüstan ərazisindən keçir. Həmçinin Axalsıx-Tbilisi dəmir yolunun 183 km-lik hissəsi yenidən qurulub. Marşrutun ümumi uzunluğu 827 km-dir.
Gürcüstan hissəsinin tikintisi Azərbaycanın 775 milyon dollarlıq krediti hesabına maliyyələşdirilib ki, bu da layihədən əldə edilən gəlirlər hesabına ödənilməlidir. İşlər Azərbaycan podratçıları tərəfindən yerinə yetirilib.
Layihə ilkin olaraq Çin və Mərkəzi Asiyadan Türkiyə və Avropaya yük daşımalarının tranzitinə yönəlmişdi. Lakin mayın 24-də Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan da Türkiyə ilə dəmir yolu əlaqələrini inkişaf etdirmək üçün marşrutdan istifadə etməyi planlaşdırır.
Almaz Həsənli




















































































