Türkiyə parlamenti Azərbaycanla hərbi təhlükəsizlik haqqında memorandumu ratifikasiya edir
Türkiyə Böyük Millət Məclisi (TBMM) Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsi haqqında Anlaşma Memorandumunu ratifikasiya edir.
Oxuməni.az “Yeni Şafak”a istinadən xəbər verir ki, bu barədə Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş məlumat verib. Onun sözlərinə görə, imzalanan bütün beynəlxalq sənədlər müəyyən edilmiş qrafikə uyğun olaraq baxılır və ratifikasiya olunur.
"İmzalanan beynəlxalq sənədlər mütləq Türkiyə Böyük Millət Məclisində təsdiqlənmə prosedurundan keçir və bundan sonra qüvvəyə minir", - deyə Kurtulmuş qeyd edib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsi haqqında Anlaşma Memorandumu 22 iyul 2025-ci il tarixində İstanbulda imzalanıb. 2025-ci ilin dekabr ayında sənəd Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya olunub.
Almaz Həsənli





















































































