Türkiyə Ukraynaya hərbi-dəniz təhlükəsizliyi zəmanəti verməyə razılaşıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətlərinin hərbi-dəniz komponentinə rəhbərliyi öz üzərinə götürməyə hazırdır. Oxuməni. az xəbər verir ki, bu barədə türkiyəli nazir Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə keçirilən mətbuat konfransında bəyan edib. Tədbir Türkiyə Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabları vasitəsilə canlı yayımlanıb. Nazirin sözlərinə görə, Türkiyənin sülhün bərqərar olunmasına potensial töhfəsi ilə bağlı müzakirələr çərçivəsində uzunmüddətli təhlükəsizlik zəmanətləri əsas yer tutur. "Bu zəmanətlərə quru, dəniz və hava elementləri daxildir. Türkiyə hərbi-dəniz komponentinə rəhbərlik etməyə razılaşıb", - deyə Fidan vurğulayıb. O, həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı müttəfiqlərlə artıq tam qarşılıqlı anlaşma əldə olunub və tərəfdaşların müvafiq hərbi-dəniz qüvvələri ilə planlı iş aparılır. Türkiyənin Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakı olduqca məntiqli və ölçülüb-biçilmiş bir addım kimi görünür. NATO üzvü olan və Qara dənizdə ən güclü donanmalardan birinə sahib olan Ankara daha əvvəl Moskva ilə Kiyev arasında danışıqlarda (o cümlədən məşhur "taxıl sazişi"ndə) əsas vasitəçi kimi çıxış edib. İndi isə söhbət Ukrayna akvatoriyaları üçün etibarlı bir qalxanın formalaşdırılmasından gedirsə, Türkiyə hərbi-dəniz qüvvələrinin təcrübəsi, coğrafi mövqeyi və resursları ümumi müdafiə sistemində kritik əhəmiyyətli elementə çevrilir.
Almaz Həsənli







































.jpg)

.jpg)


.jpg)










































