Xətai rayonunda sakinləri təşvişə salan görüntülər – sürünənlər binaların ətrafında dolaşır
Bakının Xətai rayonunda sakinləri narahat edən görüntülər lentə alınıb.
Sakinlərin redaksiyaya verdiyi məlumata görə, hadisə rayonun Həsən Salmani küçəsində yerləşən yaşayış binalarının ərazisində qeydə alınıb. Bildirilir ki, ərazidə sürünənlər sərbəst şəkildə hərəkət edir və bu vəziyyət xüsusilə uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıq yaradıb.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət olunsa da, indiyədək problemin həlli istiqamətində konkret tədbir görülməyib.
“Biz problemi özümüz həll etmək istəyirdik. Lakin “Xətai 31” MTK çağırdığımız mütəxəssisləri ərazidən qovdu”, – deyə sakinlərdən biri bildirib.
Ərazidə sürünənlərin binaların yaxınlığında sərbəst dolaşması sakinlər arasında ciddi narahatlıq yaradıb. Onlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini, təhlükənin aradan qaldırılmasını və xüsusilə azyaşlı uşaqların təhlükəsizliyinin təmin olunmasını xahiş edirlər.
Qeyd: Məsələ ilə bağlı “Xətai 31” MTK-nın və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Oxuməni.az



























































































