Cavad Zərif Azərbaycana niyə gəlir? - "Onun qarşısında bu sualları qaldırmaq lazımdır..."

Cavad Zərif Azərbaycana niyə gəlir? - "Onun qarşısında bu sualları qaldırmaq lazımdır..."

24 May 2021 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif sabah Azərbaycana səfər edəcək. "AzPolitika.info" xəbər verir ki, rəsmi İRNA agentliyinin yaydığı xəbərdə səfərin detalları ilə bağlı geniş informasiya verilməyib. Bəzi məlumatlara görə, İran XİN başçısı Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəcək. Qəbulun Bakıda yox, Qəbələdə olacağı gözlənilir. İRNA isə qeyd edir ki, nazir Bakıdan sonra İrəvanı da ziyarət edəcək.

Xatırladaq ki, Zərifin səfəri Azərbaycanla İran arasında müəyyən problemlərin olduğu dövrə təsadüf edir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, rəsmi Tehran Azərbaycanın Zəngəzur dəhlizinin açılmasından, Ermənistanla sərhədlərin dəqiqləşdirilməsindən narahatdır. Nazir özü Ermənistanın dövlət sərhədlərinin toxunulmazlığı məsələsinin İran üçün "qırımızı xətt" olması barədə bəyanatını qısa müddətdə iki dəfə təkrarlayıb.

Habelə, ötən həftə İran ordusununun yüksək səviyyəli təmsilçiləri də İrəvanda olaraq sərhəd məsələsində dəstək nümayiş etdiriblər.

Bura Azərbaycan Ordusunun keçirdiyi hərbi təlimlərinin kəşfiyyat PUA-ları ilə izlənməsini, Qarabağa yük maşınları göndərilməsini və sərhəddə baş verən atışmanı da əlavə etsək, münasibətlərin heç də rəvan olmadığını qeyd etmək mümkündür. Yeri gəlmişkən, rəsmi Tehran Azərbaycanın iki sərhədçisinin şəhid olduğu insidentlə bağlı Azərbaycana başsağlığı verməyə belə ehtiyac görməyib.

Beləliklə, maraqlı sual yaranır: Cavad Zərifin bu ərəfədə Azərbaycana və Ermənistana səfər etməkdə məqsədi nədir?

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, yaxın zamanlarda vəzifəsini tərk edəcək nazirin səfərə gəlməsi düşündürcüdür.

"Axı, bir aydan da az müddətdə İranda prezident seçkisi keçiriləcək və hazırki dövlət başçısı Həsən Ruhani, o cümlədən Zərifi vəzifələrini tərk edəcəklər. Yəni İran-Ermənistan və İran-Azərbaycan münasibətlərinin gələcəyi artıq Zərifi narahat etməməlidir. Belə isə, Zərif, sağollaşmağamı gəlir?", - deyə Şahinoğlu qeyd edib.

Politoloq hesab edir ki, səfərin məqsədi nə olursa-olsun, Bakıda İranın xarici işlər nazirinə bu suallar verilməlidir:

"1. Tehran Azərbaycan-Ermənistan sərhəddinin müəyyənləşməsindən niyə narahatdır?

2. Tehran görüntüləri yayımlanan İran yük maşınlarının Qarabağa keçişinin qarşısını niyə almır?

3. İran sərhədçiləri Azərbaycana narkotik keçirmək istəyən silahlı qruplarla mübarizəni niyə gücləndirmir?"

E.Şahinoğlunun sözlərinə görə, İranda bütün diqqətlər prezident seçkisinə yönəlib: "Ona görə postunu tərk etməyə hazırlaşan Zərifin bölgəyə səfərinin konkret nəticələri olmayacaq. Bütün hallarda suallarımızı səsləndirməliyik ki, İranın növbəti prezidenti və xarici işlər naziri nədən narazı qaldığımızı indidən bilsinlər. Bizə o da aydındır ki, Ermənistan Azərbaycanla İran arasında problemlərin dərinləşməsini istəyir. Bu isə nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Bunu İrandakı siyasi və ekspert dairələrin anlaması lazımdır".