Təhrikdən əl çəkin! Bakı-Tehran gərginliyi kimə lazımdır?

Təhrikdən əl çəkin! Bakı-Tehran gərginliyi kimə lazımdır?

1 Oktyabr 2021 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

Kim düşünürsə ki, İran-Azərbaycan münasibətlərinin gərginləşdirilib düşmənçiliyə çevrilməsindən İran, Azərbaycan və ya Türkiyə qazanacaq, çox böyük yanlışlığa yol verir. Bu qarşıdurmada uduzan elə İran, Azərbaycan və Türkiyə olacaq.

Oxuməni.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü qeyd edib.

O bildirib ki, İran-Azərbaycan münasibətlərinin gərginləşdirilməsi və düşmənçiliyə çevrilməsi tarixin təkərini yenidən XVI əsrə - Səfəvi-Osmanlı müharibələrinə, sünni-şiə qarşıdurmasına aparmaq cəhdidir:

“Onda da müsəlman türkün qılıncı müsəlman türkün başını kəsirdi, indi də Arazın o tayındakı müsəlman türk bu tayındakı müsəlman türkü, bu taydakı da o taydakının başını kəsməklə hədələyir!

Heç anlayan varmı bu təhdid və gərginliyin bizi - ölkələrimizi və xalqlarımızı hara apardığını, hansı faciələrə götürdüyünü?! İrandan atılacaq raketlər yalnız “sionist türk”əmi dəyəcək, ya Azərbaycandan qaldırılan dron 40 milyon türkün yaşadığı bir coğrafiyada ancaq fars əsgərini arayıb vuracaq?! Bəs, qardaş Türkiyə kimi bombardman edəcək – türk-müsəlman qardaşınımı?!”

Politoloq yalançı millətçilik hissələri, pafos və şüarçılıqdan uzaq durmağa, hər kəsi təhrikçi və qızışdırıcı mövqedən əl çəkməyə çağırıb:

“Bu təhrikçilik və qızışdırıcılıq Türkiyədə FETÖ-ya, İranda din pərdəsi altında farsçılıq ideologiyasını yayanalara, Azərbaycanda isə Ermənistan qarşısında mövqeyimizin zəifləməsini istəyənlərə daha çox gərəkdir!

Elə hər üç ölkənin mediasında da məhz bu çevrəyə daxil jurnalist və siyasətçilər daha çox fəallıq edirlər, gerçək türk təəssübü çəkənlər yox!

Mən inanıram ki, Türkiyə, İran və Azərbaycanın ağıllı adamları, gerçək başbilənləri tezliklə bir araya gələrək, bu 3 ölkədə körüklənən fitnə alovunu söndürməyə nail olacaqlar!

İstənilən bir millətə mənsub şəxsi, o cümlədən bir türkü milləti və məzhəbi ilə üz-üzə gətirib seçim qarşısında qoymaq ən böyük fitnəkarlıqdır!

Allahsa fitnəkarları lənətləyib, onlar heç vaxt uğur qazana bilməzlər!”