İranın əsassız bəhanəsi: İsrail qısqanclığı və Azərbaycan düşmənçiliyi

İranın əsassız bəhanəsi: İsrail qısqanclığı və Azərbaycan düşmənçiliyi

12 Oktyabr 2021 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının hərbi-siyasi uğurları, əzəli torpaqlarının əksər hissəsini mənfur düşmən işğalından geri alması, tarixi ərazimiz Zəngəzurdan dəhliz açıb Naxçıvanla Zəngilan arasında yol çəkmək istəyi nədənsə qonşu İranı bərk qayğılandırıb.

Oxuməni.az xəbər verir ki, son otuz ildə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında bütün islami dəyərləri məhv etməsini, müsəlmanların məzarlarını şumlamasını, məscidlərini donuzxanaya çevirməsini “görməyən”, ermənilərə hər cür lojistik dəstək verən İran birdən-birə Azərbaycanı öz müttəfiqi İsraillə əməkdaşlıqda, sionizmə xidmətdə ittihama başlayıb. Adətən təmkinli davranan ali məqam sahibi də bizi nəzərdə tutaraq üstüötrtülü eyham da vurub: “Güvənlik üçün özgəyə söykənənlər tezliklə qapaz yeyərlər -تکیه کنندگان به بیگانه برای تأمین امنیت به زودی سیلی میخورند - (Bax: https://kayhan.ir/fa/news/227137).

Qardaş Türkiyənin, strateji tərəfdaş Pakistanın, dost İsrailin Azərbaycana dəstəyini qısqanclıqla qarşılayan İran unudur ki, müəyyən vaxtlarda o özü də açıq və gizli şəkidə başqalarından yardım almış və almaqdadır. Məsələn, İraqla 8 illik muharibə zamanı Çin Xalq Respublikası, Pakistan, Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya), Suriya Ərəb Cümhuriyyəti, Liviya v.s dövlətlər ona böyük yardım göstərmişlər. İndiyədək Azərbaycanın dövlət sərhədlərində hərbi təlim keçirməyən qonşumuz çoxsaylı əsgəri birliyin qatılımıyla “Fatehan-e Xeybər- Xeybər fatehləri” kod adlı hərbi manevrlərə, başqa sözlə, bizə əzələ göstərisinə başlayıb. Bu yazıda 1980-1988-ci illərdə baş vemiş İran-İraq müharibəsində İran İslam Respublikasına edilən hərbi yardımdan qısaca söz açmaq istəyirik.

1980-1988-ci illərdə davam etmiş, çoxsaylı insan həyatına, böyük ölçüdə maddi-mənəvi itkilərə yol açmış müharibəyə iranlılar “istənilməyən savaş”, yaxud “kutsal döyüş” (“جنگ تهمیلی - cəng-e təhmili” və ya “دفاع مقدس – defa-ye muqəddəs”) deyirlər. O vaxtlar İranda şahlıq rejimi yenicə yıxılmışdı, yeni quruluş hələ tam bərqərar olmamışdı. Tehranda bir qrup iranlı tələbənin 04.11.1979-cu ildə ABŞ böyükelçiliyinin 52 diplomatını 444 gün girov saxlaması İrana qarşı beynəlxalq sanksiyaların tətbiqi ilə nəticələnmişdi. Bunu fürsət bilən İraq ordusu 22.09.1980-ci ildə beynəlxalq aləmdən, az qala, təcrid olunmuş İrana hücum etmişdi. Savaşın başlanğıcında (1980-1982-ci illərdə) İraq ordusu hətta bəzi uğurlar qazanmış, İranın bir sıra ərazilərini ələ keçirmişdi. Təkbaşına uğurlu hərbi əməliyyatlar aparmağın mümkünsüzlüyü o zaman İran rəsmilərini bəzi dövlətlərlə sövdələşməyə sövq etmişdi.

Mənbələrin məlumatına görə, İraqla muharibə zamanı İsrail də İrana gizli şəkildə yardım göstərmişdir. İran rəsmiləri isə birmənalı şəkildə adıçəkilən ölkə ilə hər hansı bir əməkdaşlığın olmadığını bildirmişdir. 16 iyul 1979-cu ildə İraqın dövlət başçısı olmuş Səddam Hüseyn (1937- 2006) İranın neftlə zəngin olan sərhədyanı Xuzistan əyalətini (lurların, ərəblərin, əfşarların, qaşqay türklərinin və farsların yaşadığı, 64 min kv. km ərazisi olan o yer etnik baxımdan çox qarışıqdır) ələ keçirmək istəyirdi və bu məqsədlə sürətlə silahlanırdı. İranın o zamankı baş naziri Mehdi Bazarqan (1907- 1995) hərbi yardım üçün ABŞ Prezidenti Cimmi Karterə (1924) müraciət etsə də, Karter bu istəyi yerinə yetirməmişdi. İddialara görə, Karter administrasiyasından umduqları hərbi yardımı ala bilməyən İran rəsmiləri dolayı yollarla israillilərlə hərbi dəstək üçün gizli sövdələşməyə nail olmuşlar (Bax: M. Jonathan. The Iran-Contra connection: secret teams and covert operations in the Reagan era. Boston, 1987).

Adının çəkilməsini istəməyən yüksək vəzifəli bir israilli yetkili 22.11.1986-cı ildə "Nyu York Tayms" qəzetinin müxbirinə etiraf etmişdi ki, əslində, İsrailin İrana hərbi dəstəyi ABŞ rəsmilərinin razılığı əsasında gerçəkləşmişdi (Bax: https://www.nytimes.com/1986/11/22/world/isreael-a....

Mənbələrin məlumatına görə, 1981-1989-cu illərdə ABŞ Prezidenti olmuş Ronald Reyqan (1911-2004) İrana silah satılmasına qarşı çıxsa da, Dövlət Departamentinin müşaviri Robert Makfarleyn bu işdə ABŞ dövlət katibi A.Heyq ilə İsrailin baş naziri M.Begin (1913- 1992) arasında koordinatorluq etmişdir. Əldə olunmuş gizli razılıq əsasında İsrail İrana əvvəlcə sadə, köhnə modelli hərbi avadanlıqlar satmağa başlamış, daha sonra isə sövdələşmənin şərtindən çıxaraq həm də müasir hərbi silahlar vermişdir. Bu işi gerçəkləşdirə bilmək üçün İsrail hərbi kəşfiyyatı Nyu Yorkda məxfi əməliyyat gerçəkləşdirmiş, Uoll Strit (Wall Street) bölgəsindəki Con Strit (John Street ) küçəsində 50 nəfərdən ibarət saxta şirkət yaratmışdır. Uydurma şirkətin ofisi alınmış amerikan silahlarının İrana satışını həyata keçirmişdir (Bax: Ari Ben Menashe. Profits of War: Inside the Secret U.S.-Israeli Arms Network, 2015). 1982-ci ilin mart ayında "Nyu York Tayms" qəzetinə İsrailin gizli olaraq İrana silah satması haqqında məlumat sızdırılmış və ifşa olunmamaq üçün yuxarıda qeyd olunan o uydurma şirkət təcili şəkildə Nyu Yorkdan Londona köçürülmüşdür. Yəhudi kökənli amerikalı araşdırmaçı-publisist Seymur Herş (1937- Seymour Hersh) 1991-ci ildə "Nyu York Tayms" qəzetində yazmışdır ki, Londona köçürülən şirkət 1983-cü ildən etibarən İrana bir neçə milyard dollarlıq amerikan istehsalı hərbi silah-sursat satmışdır. (Bax: https://web.archive.org/web/20180728191307/https:/....

Mətbuata sızan məlumata inansaq, Reyqan administrasiyası bütün müttəfiqlərini İrana silah satmamağa səsləyəndə və İrana silah ötürülməsinin qarşısını almaq üçün çılğın “Dəyanət əməliyyatı” (Operation Staunch) aparanda da İsrail tərəfindən İrana silah satışı davam etdirilmişdir. Təl-Əviv Universiteti nəzdindəki Yaffe Strateji Araştırmalar İnstitutunun bildirisinə əsasən, İran 1981-1983-cü illərdə İsraildən 500 milyon dollar dəyərində silah almışdır və ödənişin əsas hissəsini neftlə ödəmişdir (Bax: Trita Parsi. Treacherous alliance. The Secret Dealings of Israel, Iran and U.S., Yale University Press, 2007, p. 106-107).

Vaşinqtondakı Corctaun Universitetinin professoru, “Intelligence and National Security” (“Kəşfiyyat və Milli Təhlükəsizlik”) jurnalının baş redaktoru, prof. Mark Fitian (M. Phythian) bildirir ki, İraq ordusunun sürətli hücumunu ləngitmək və onun asan qələbəsinin qarşını almaq məqsədilə ABŞ-ın razılığı ilə İsrail Bağdada hava hücumu etmək üçün İrana şərait yaratmışdı (Bax: Mark Phythian. Arming Iraq: How the U.S. and Britain Secretly Built Saddam's War Machine. Northeastern University Press, 1997, p. 20).

Təl-Əvivdə nəşr olunan gündəlik “Yediot axaronot-Son xəbərlər” qəzetinin hərbi şərhçisi, publisist Ronen Berqman etiraf edir ki, başlanğıcda, yəni 1981-ci ildə İsrail “Balıqqulağı” (“Operation Seashell”) kod adlı əməliyyat çərçivəsində Cənubi Kiprin Larnaka hava limanı vasitəsilə İrana 75 milyon dollarlıq hərbi ləvazimat satıb. Hərbi yükləri əvvəlcə Argentinadan kiralanmış “Transporte Aereo Rioplatense” hava şirkəti daşıyırmış, lakin təyyarə Ermənistanda qəzaya uğradıqdan sonra bu işi gəmiylə davam etdirmişlər (Bax: R. Bergman. The secret war with Iran. New York, Free Press, 2008, pp. 40-48).

1955-1979-cu illərdə İsrailin Tehranda hərbi attaşesi olmuş, İrandakı iş adamlarının hamısını yaxından tanıyan Yaakov Nimrodinin (1926) vasitəçiliyi ilə İsrail 1982-ci ildə İrana 136 milyon dollar həcmində silah satmışdır. Mossadın sabiq əməkdaşı Y.Nimrodi bu barədə 2004-cü ildə kitab da yazmışdır. İsrailin Müdafiə naziri Ariel Şaron 1982-ci ilin mayında ABŞ-da verdiyi mətbuat konfransında ABŞ-ın razılığı ilə İrana silah satdıqlarını açıqlamışdı. O, 28 sentyabr 1983-cü ildə Parisdə də İranı silahla təchiz etdiklərini bir daha bəyan etmişdir.

Yeri gəlmişkən, İsrailin İrana silah satışına vasitəçilik edənlərdən biri türk əsilli biznesmen Adnan Kaşıkçı (1935-2017), digəri də iranlı yəhudi milyarder Mənuçohr Qurbanifər (1945 ) olmuşdur. 1984-cü ilin baharında o zamankı Qərbi Almaniyanın kansleri Helmut Kox ABŞ Prezidentinə İsrailin İrana 500 milyon dollarlıq silah satdığından şikayətlənmişdi. 1985-ci ildə Danimarka bayrağı altında üzən yük gəmiləri İsrailin Qırmızı dənizdəki Eilat limanından İranın Fars körfəzindəki Bəndər Abbas limanına 600-dən çox səfər etmiş və hərbi təyinatlı yüklər daşımışdır (Bax: The New York Times, 12.08.1991).

1986-cı ilin noyabr ayında Beyrutda ( Livan ) çıxan “الشراع -Əşşir'ə-Yelkən" jurnalında ABŞ və İsrailin İrana silah satdığını bildirən bir yazı beynəlxalq qalmaqala səbəb olmuşdu. O zamankı Prezident R.Reyqan 06.11.1986-cı ildə televiziya ilə çıxış edib xəbərin əsassız olduğunu söyləsə də, bir həftə sonra, 13.11.1986-cı ildə o xəbəri doğrulamışdı. Bu olay İran-Kontra qalmaqalı (Iran–Contra affair ) və ya İranqeyt (Irangate) adı ilə məşhurdur.

1986-cı ilin noyabr ayının 3-də Ceyn Hanterin ( Jane Hunter) ABŞ-da nəşr olunan “Washington Report” jurnalındakı “İsrail silahının İrana satışı” başlıqlı məqaləsi geniş ictimai rəy doğurmuşdu. Yazıda iddia olunurdu ki, İrana 2,6 milyard dollar həcmində silah satmağa cəhd etdiyinə görə 5 nəfər şəxs Bermud adalarında həbs olunmuşdur (Bax: https://www.wrmea.org/1986-november/israeli-arms-s...

Mənbələrdən məlum olur ki, iranlı bəzi vaizlər məscidlərdə cümə xütbələrində, moizələrində İsraili kəskin tənqid atəşinə tutanda israilli texniklər, mütəxəssislər, hərbi müşavirlər iranlılara cani-dildən kömək edir, onları yeni texnika ilə necə davranmağı öyrədir, əllərindən gələn köməyi əsirgəmirlərmiş. 1984-cü ildə idarə etdiyi F4 (Fhantom 4) reaktiv təyyarəsi ilə Səudiyyə Ərəbistanına qaçmış iranlı pilotun təyyarəsinə ekspert baxışı keçiriləndə məlum olmuşdu ki, təyyarənin çox hissəsi öncə İsrailə eksport olunmuş, daha sonra da İrana satılmış detallardan ibarətdir (Bax: Jonathan Marshall. The Iran-Contra connection, Boston, 1987, p. 174).

İsrail həm də İran neftinin satılmasında yardımçı olmuşdur. Beynəlxalq şirkətlər İranı tərk edib gedəndə, bir çox dövlət İran neftini almaqdan imtina edəndə yəhudi əsilli milyarder Mark Riç (Marc Rich 1934-2013) ABŞ-ın İran neftinə tətbiq etdiyi embarqonu heçə sayaraq İran neftinin ticarətinə başlamış, İranın müəyyən dərəcədə böhrandan çıxmasına böyük yardım göstərmişdir. Buna görə Federal Təhqiqat Bürosu (FBI) uzun müddət onu təqib etmiş və yalnız Mossadın sabiq rəhbəri Avner Azuların şəxsən özünün ABŞ prezidenti Bill Klintona yazılı müraciətindən sonra Mark Riç əvf olunmuşdur.

Politoloq Trita Parsi yazır ki, İsrailin yardımlarına baxmayaraq, İran rəsmiləri nə İraqla muharibə zamanı, nə də ondan sonrakı dövrdə İsrailin yardımını etiraf etdilər. Əksinə, onlar İsraili islam düşməni olaraq qələmə verib özlərini dünya müsəlmanlarının hamisi, islamın dayağı olaraq təqdim etməyə çalışırlar (Bax: Trita Parsi. Treacherous Alliance, Yale University Press, 2007, p. 82).

Zənnimizcə, burada qeyd olunanlar İranın İsraillə münasibətlərinin əslində yetərli dərəcədə qənaətbəxş olduğunu isbatlayır. Yəni, üzdə söylənilənlərlə əməllər bambaşqadır. Bizə elə gəlir ki, Azərbaycan dövlətini İsraillə əməkdaşlıqda ittiham edən İranın Azərbaycan Respublikasına soyuq münasibəti İsrailə qısqanclığından qaynaqlanır, yəni, onu bizimlə paylaşa bilmir.

İsrail dövlətinin İrana etdiyi yardımlar barədə, əlbəttə ki, çox bəhs etmək olar. Bu yerdə yadıma Azərbaycanın məşhur şairi, əslən Şuşadan olan Qasım bəy Zakirin (1784-1857) tanış misraları düşür. Həmin misralarda insanlara şəriətdən moizələr oxuyub haram yeməməkdən dəm vuran bir vaizdən bəhs olunur: Vaiz oxur bizə şəri- Mustafa: “Harama mürtəkib olmayın əsla”. Özü lum-lum udur batində, amma Zahirdə dediyi mənaya bir bax…

Azərbaycan Respublikasının İsraillə strateji əməkdaşlığını və dostluğunu İran İslam Cümhuriyyətinin təhlükəsizliyinə təhdid kimi baxmaq böyük yanlışlıqdır. Bizim dövlət yetkililəri dəfələrlə “Azərbaycan Respublikası heç vaxt öz ərazisindən qonşu dövlətlərə qarşı fəaliyyət göstərilməsinə imkan verməyəcəkdir” fikrini səsləndirmişlər. Azərbaycan Respublikası da İran İslam Cümhuriyyəti kimi suveren, müstəqil dövlətdir və yürütdüyü həm daxili, həm də xarici siyasətində ərazi ölçüsündən, əhali sayından asılı olmayaraq, heç bir dövlət ona nəyi necə etməyi, kimlə dost olub, kimlə əlaqə qurmağı diktə edə bilməz. Başda qonşu dövlətlər olmaqla, bütün dövlətlərlə münasibətdə dinc yanaşı yaşamaq siyasəti aparan, heç kimin daxili işinə müdaxilə etməyən, hamının suverenliyinə hörmətlə yanaşan Azərbaycan Respublikası özünə qarşı münasibətdə də eyni prinsipə riayət edilməsini istəyir.

İranlılar təhlükəli və riskli bir işlə məşğul olmağa “ با دم شیر بازی كردن – Ba dom-e şir bazi kərdən- aslanın quyruğu ilə oynamaq” deyirlər. “Bir əyalət mollası” da bizim Zəngəzur dəhlizi açmaq istəyimizi belə dəyərləndirib. O imamcümə unudur ki, bizlərdə də heç kimdən və heç nədən qorxub çəkinməyənlərə “QURD ürəyi yeyib” söylənilir. Dünyanın super dövlətləri ilə paritet münasibətlər quran, ən modern silahlarla təchiz edilmiş, QURD ürəkli igidləri olan Azərbaycan Respublikasının Müzəffər Ordusu onun istəklərinə qarşı gələn istənilən qüvvəni diz çökdürər və qardaş Türkiyə ilə birlikdə Türkistana gedəcək Zəngəzur dəhlizini ən qısa zamanda açar! Azpolitika.info