Politoloq Elçin Mirzəbəyli: Tehran Azərbaycana qarşı təxribatçı davranışlarından əl çəkməlidir

Politoloq Elçin Mirzəbəyli: Tehran Azərbaycana qarşı təxribatçı davranışlarından əl çəkməlidir

20 Oktyabr 2021 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatipzadə Azərbaycanın diplomatik kanallarla yaxşı, konstruktiv və qardaşlıq mesajları göndərdiyini bildirib.

Oxuməni.az xəbər verir ki, Səid Hatipzadə Azərbaycan rəsmilərinin son günlər İranla bağlı səsləndirdikləri fikirlərə belə münasibət bildirib: “Azərbaycandakı qardaşlarımıza məsləhətimiz budur ki, mətbuata danışmazdan əvvəl iki ölkə rəsmiləri arasında diplomatik kanallar vasitəsilə danışıqların davam etməsinə icazə versinlər. Diplomatik kanallar vasitəsilə yaxşı, konstruktiv və qardaşlıq mesajları göndərdilər və bu danışıqların eyni istiqamətdə davam etməsinə icazə verilməlidir. Azərbaycan hakimiyyətinin bəzi mətbuat bəyanatlarının məqsədi açıq və aydın ola bilər. Ancaq niyyəti oxumaq və Azərbaycan hakimiyyətinə sözlərində diqqətli olmağı və üçüncü şəxslərin tələ qurmasına imkan verməməyi tövsiyə etmək istəmirəm”.

İranla Azərbaycan arasındakı münasibətlərin normal səviyyədə olduğunu bildirən Hatipzadə qeyd edib ki, Azərbaycan tərəfi bu normal münasibətlərin süni əllər tərəfindən təhlükəyə atılmamasına diqqət yetirməlidir.

Bəs İran rəsmisinin bu açıqlamalarını necə şərh etmək olar? Bu, yumşalmanın əlaməti sayıla bilər?

Elçin Mirzəbəyli: Biz birlikdə güclüyük - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a şərhində bildirdi ki, Tehran Azərbaycana qarşı təxribatçı davranışlarından əl çəkməlidir: “İkincisi, Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının İran üçün qırmızı xətt olduğunu bəyan etsinlər, Azərbaycanın əsas ərazisi ilə ölkəmizin ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizini dəstəkləsinlər və bunun Azərbaycan xalqının tarixi haqqı olduğunu dilə gətirsinlər. Üçüncüsü, Ermənistanla münasibətlərinə bu ölkənin qonşularına qarşı münasibətləri çərçivəsindən yanaşacaqlarını bildirsinlər, əsassız ərazi iddialarının yolverilməz olduğunu bəyan etsinlər, hər cür separatizmin əleyhinə olduqlarını əməldə sübuta yetirsinlər.

Dördüncüsü, Azərbaycan xalqının dünyəvi, demokratik inkişaf yolu seçdiyini və bu iradənin heç zaman dəyişməyəcəyini anlasınlar, ölkəmiz daxilində hər cür ideoloji təxribat əməllərindən əl çəksinlər. İran XİN rəsmisinin son açıqlamasında bu məqamların heç birinə rast gəlinmir".

Politoloq eyni zamanda hesab edir ki, Tehran başa düşməlidir ki, rəsmi Bakı müttəfiqlərini özü seçir, daxili və xarici siyasətini özü müəyyənləşdirir və bu siyasət heç zaman İrana qarşı yönəlməyib, yönəlməsi də mümkün deyil: “Əgər Azərbaycanın daxili işlərinə hansısa ”süni əl"in müdaxilə cəhdi nəzərə çarpırsa, bu da dostluqdan, qardaşlıqdan, müsəlman həmrəyliyindən danışan İranın illərdən bəri ölkəmizdə yaratmaq istədiyi “beşinci kolon”un pərən-pərən düşmüş tör-töküntüləridir. Biz ölkəmizə uzanan bütün əlləri kəsirik-bu əllərin süni, yaxud təbii olduğunun fərqinə varmadan". “Yeni Müsavat”