“Rəsmi mənbələrdə Laçının sahəsinin 35 kv.km əskik göstərilməsinə aydınlıq gətirilməlidir...”

“Rəsmi mənbələrdə Laçının sahəsinin 35 kv.km əskik göstərilməsinə aydınlıq gətirilməlidir...”

26 Oktyabr 2021 06:29
Bəyəndim (0) Bəyənmədim (0)

“Əgər texniki yanlışlıq olmayıbsa, deməli, burada hansısa xarici ölkə kəşfiyyat qurumunun əli var...”

“Qarabağ savaşları şəhidlərinin qanı ilə suvarılmış torpaqlarımızın hər bir qarışı Vətəndir, əzizdir və nə reallıqda, nə də xəritə üzərində düşmənə verilə bilməz...”

“Laçın rayonunun sahəsi sovet dövründən, eləcə də müstəqillik illərində, 30 ilə yaxın işğal müddətində orta məktəb dərsliklərindən, eləcə də rəsmi mənbələrdən bildiyimizə görə, 1835 kvadrat kilometr olub. 44 günlük savaş nəticəsində rayonun əksər hissəsi bir güllə atmadan qaytarılandan sonra hesab edirdik ki, sovet imperiyası dönəmində Ermənistanla sərhədə yaxın Qaragöl qoruğu, Ərəvis, Cağazur, Cicimli kəndləri ərazilərindən də qopardılaraq ermənilərə verilmiş torpaqları da düzgün demarkasiya və delimitasiya şərti ilə nəzərə alsaq, Azərbaycanın rəsmi qurumları Laçın rayonun sahəsini əskik yox, hardasa bir neçə yüz kvadrat kilometr artıq göstərməlidir”.

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında keçmiş Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif Paşa söyləyib.

“Düzü, Moderator.az saytındakı yazılarda sonra öyrəndim ki, 2020-ci il dekabrın 1-də, yəni Laçın rayonunun işğaldan azad olunduğu gün Müdafiə Nazirliyinin rəsmi saytında rayonumuzun ərazisi əvvəlki rəsmi göstəricilərdən 35 kvadrat kilometr kiçildilərək 1835 kvadrat kilometr əvəzinə 1800 kvadrat kilometr göstərilib və bu günədək həmin yanlışlıq düzəldilməyib(bax://mod.gov.az/az/news/isgaldan-azad-olunan-seher-qesebe-ve-kendlerimiz-28583.html)... Laçın azad olunan vaxt əksəriyyət sevinc, şadlıq, eyforiya içərisində olduğundan çoxumuz buna diqqət etməmişik. Bu, yanlışlıqdır. Və bu yanlışlığa yol verilməsində iki variant ola bilər. Ya sadəcə, texniki səhvə yol verilib. Belə olan halda həmin texniki səhv son bir ilə yaxın müdətdə, yaxud heç olmasa, media bu haqda informasiya yaydıqdan sonra mütləq düzəldilməli idi. Yaxud əgər texniki yanlışlıq olmayıbsa, deməli, burada hansısa xarici ölkə kəşfiyyat qurumunun əli var. Yəni həmin yanlış məlumat bilərəkdən, qəsdən şüurlu şəkildə Azərbaycanın rəsmi qurumunun saytına yerləşdirilir və o digər rəsmi və qeyri rəsmi məlumat, çıxış və yazılarda da təkrar olunur, mediada, saytlarda tirajlanır və insanlar buna alışdırılır. Söhbət ondan gedir ki, bunu təşkil edən xarici güclər ya Laçın rayonunun hazırda sülhməramlı adlanan Rusiya hərbi kontingentinin himayəsi ilə “dəhliz” kimi Qarabağ və Ermənistan ermənilərinin istifadəsinə verilmiş ərazini(təxmini hesablamalara görə, sahəsi 35 kv.km-dir) nəzərdə tuturlar. Yaxud 3 il ərzində Laçın şəhərindən yan keçməklə çəkiləcək Şuşa rayonunun sovet dövründən ermənilərin yerləşdirildiyi təqribən Onverst-Böyük Qaladərəsi-Kiçik Qaladərəsi- Laçın rayonunun Qayğı qəsəbəsi -Ermənistan sərhədi marşrutuyla çəkiləcək yeni “humanitar dəhliz” yolunun tutduğu yenə təxminən 35 kv.km-lik ərazi hesaba alınır. Yəni məqsəd ondan ibarətdir ki, sözügedən ərazi ya Ermənistanın hüquqi tabeçiliyinə, yaxud nə vaxtsa ATƏT-in, Avropa İttifaqının, ABŞ-ın və s. dəstəyi ilə Qarabağın “statusu” “dirildiləcəyi” halda həmin separatçı qurumun “yurisdiksiyasına” verilsin. Belə şübhələr sözügedən informasiya ilə rastlaşan hər kəsdə yarana bilər. Odur ki, ilk növbədə Müdafiə Nazirliyi və digər rəsmi qurumlar bu məsələyə təcili aydınlıq gətirməlidir. Əks halda hər bir vətəndaş, xüsusilə Qarabağ, Laçın ziyalıları, yəni o torpaqları yaxşı tanıyan, hər qarışına bələd olan insanlar buna aydınlıq gətirilməsini tələb etməlidir...

Türk babamız Mete xanın məşhur məsələni xatırladıram. Çıxılmaz durumda qalanda hökmdar düşmən nə istəyir verir. Ancaq bir gün yağılar bir qaratikan kolluğu olan bir ərazini tələb edir, bu halda xan əmr verir ki, ordu döyüşə hazırlaşsın... Sözüm ondadır ki, Qarabağ savaşları şəhidlərinin qanı ilə suvarılmış torpaqlarımızın hər bir qarışı Vətəndir, əzizdir və nə reallıqda, nə də xəritə üzərində düşmənə verilə bilməz...”- deyə keçmiş Laçın alayının komandiri vurğulayıb.