Gələcəkdə Ermənistan adlı dövlət olmayacaq

Gələcəkdə Ermənistan adlı dövlət olmayacaq

29 Oktyabr 2021 10:25
Bəyəndim (1) Bəyənmədim (0)

Erməni mənşəli rusiyalı politoloq da Zəngəzur dəhlizini Ermənistan üçün sonun başlanğıcı hesab edir; Kreml isə Rusiya imperiyasının "erməni toplumu və Ermənistan" layihəsinin davamında maraqlı deyil...

Ermənistanda mövcud vəziyyətdən çıxış yolu axtarsalar da, rəsmi İrəvan real nəticədən bir xeyli uzaqdır. Çünki rəsmi İrəvanın mövqeyində kəskin ziddiyyətlər mövcuddur. Və belə situasiyada məntiqli siyasətdən danışmaq qətiyyən mümkün deyil.

Məsələn, Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyir. Rəsmi İrəvan bunun Ermənistan üçün nə qədər həyati əhəmiyyət daşıdığını hamıdan yaxşı bilir. Və Ermənistanın Türkiyə ilə münasibətləri yeni əməkdaşlıq mərhələsinə keçməyincə, indiki vəziyyətin də dəyişməyəcəyini anlayır.

Maraqlıdır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazır olduqlarını növbəti dəfə təkrarlayıb. Hətta bu məqsədlə uyğun anlaşma mexanizmlərini tapmaq üçün rəsmi İrəvanın Rusiya ilə bu məsələni müzakirə etdiyini də vurğulayıb: "Bu prosesin başlaması səmərəli olardı. Həm biz, həm də Türkiyə tərəfi bu barədə müsbət siqnalların olduğunu da bildirmişik".

Ancaq yenə də rəsmi İrəvanın mövqeyində olan kəskin təzadlar diqqətdən yayınmır. Çünki, Türkiyə ilə münasibətlərin normallaşdırılmasında maraqlı olduqlarını iddia edən A.Qriqoryan açıqlamasında Qarabağ mövzusuna toxunmaqdan da özünü saxlaya bilməyib. O, deyib ki, "Artsax" Azərbaycanın tərkib hissəsi ola bilməz". Və bundan sonra rəsmi İrəvanın Türkiyə ilə necə anlaşmaq niyyətində olduğunu dəqiqləşdirmək o qədər də asan deyil.

put-pasha-krem.PNG (113 KB)

A.Qriqoryan bir tərəfdən Türkiyə ilə normallaşma mexanizmlərini Rusiya ilə məsləhətləşdiklərini deyir. Digər tərəfdən isə elə həmin Rusiyanın prezidenti Vladimir Putinin "Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir" açıqlamasını nəzərə almaq istəmir. Və nəticədə rəsmi İrəvanın Kreml ilə hansı mexanizmləri müzakirə etdiyi anlaşılmaz qalır.

Üstəlik, A.Qriqoryan onu da nəzərə almır ki, Türkiyə Ermənistan ilə bağlı bütün məsələləri rəsmi Bakının mövqeyinə uyğunlaşdırdığını qətiyyən gizlətmir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu növbəti dəfə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşdırılması birmənalı şəkildə Azərbaycan ilə razılaşdırılır. Yəni, rəsmi İrəvan Azərbaycan ilə anlaşmadıqca Türkiyə-Ermənistan münasibətlərini sadəcə, unutmaq lazımdır.

Rəsmi Bakı da "Artsax" adlı qondarma qurumun Azərbaycanın tərkibində olmayacağını dəfələrlə vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev artıq bəyan edib ki, "Dağlıq Qarabağ münaqişəsi yoxdur" və hər hansı "status" da heç vaxt olmayacaq.

Üstəlik, Azərbaycan Prezidenti ölkədə Qarabağ iqtisadi rayonunun yaradılması barədə hüquqi sənəd də imzalayıb. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə məhz həmin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.

Bütün bunlar o deməkdir ki, ermənilərin "Artsax" adlandırdığı qondarma qurum artıq ümumiyyətlə, yoxdur. Deməli, rəsmi İrəvan Ermənistanın gələcəyi barədə düşünmək istəmirsə, uydurma "Artsax" mövzusunu mümkün qədər tez bir zamanda unutmalıdır. Əks halda, Ermənistanın Azərbaycanla problemləri olacaq, deməli, rəsmi İrəvanın Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdləri də baş tutmayacaq.

Azərbaycan öz hədəflərinə istənilən halda, çatmaqda davam edir. Amma Ermənistan öz mövcudluğunu böyük risk altında buraxacaq. Və bu məsələ indi Ermənistan cəmiyyətində ciddi müzakirə mövzusudur.

Məsələ ondadır ki, Ermənistan cəmiyyəti dövlətçiliyin itirilməyəcıyinə qətiyyən əmin deyil. Əksinə, ermənilər Ermənistanın yaxın gələcəkdə regionun xəritəsindən yox olacağına daha çox inanmağa başlayıblar. Hətta rəsmi İrəvanın razılığına ehtiyac duyulmadan Türkiyə və Azərbaycan prezidentləri tərəfindən Zəngəzur dəhlizinin təməlinin atılmasını belə, Ermənistanın süqutunun başlanğıcı kimi qəbul edirlər.

"Zəngəzur dəhlizinin işə salınması Ermənistan dövlətçiliyi üçün sonun başlanğıcı olacaq". Zəngəzur dəhlizinin təməlinin atılmasına münasibət bildirən erməni mənşəli rusiyalı politoloq Semyon Baqdasarov məhz belə düşünür: "Ərdoğan və Əliyevin israrla reallaşdırmağa çalışdıqları Zəngəzur dəhlizi Ermənistan ərazisinin bir hissəsini qoparacaq. Hələlik bu dəhlizin inşası ilə bağlı rəsmi İrəvan sadəcə, susur".

Erməni mənşəli rusiyalı politoloq hesab edir ki, Zəngəzur dəhlizi Türkiyəyə yalnız Azərbaycana deyil, həm də Orta Asiyaya çıxış imkanı qazandıracaq: "Türkiyə Zəngəzur dəhlizi sayəsində Ermənistan üzərindən Azərbaycan, Xəzər hövzəsi və Orta Asiyaya iqtisadi-ticari marşrut yaratmağa çalışır".

S.Baqdasarov iddia edir ki, Türkiyə Zəngəzur dəhlizinə sahib olarsa, Ermənistanın cənub bölgəsi qoparılmış olacaq. Türkiyə həm hərbi-siyasi, həm də iqtisadi-ticari mexanizmlərdən istifadə edərək, Ermənistanda hegemonluq edəcək: "Bu, Ermənistanın sonu olacaq".

cqf-Ekran Alıntısı.JPG (38 KB)

Ancaq qəribə də olsa, erməni mənşəli rusiyalı politoloq Ermənistanın indiki blokada şəraitində nə qədər davam gətirəcəyi barədə danışmağa həvəs göstərməyib. Halbuki, hazırda Ermənistan daxili sosial-iqtisadi böhranın içərisində boğulur. Və bu situasiyadan çıxmaq üçün mütləq qonşu ölkələrlə, xüsusilə də Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari münasibətlərə möhtacdır.

Zəngəzur dəhlizinin Ermənistanın sonunun olub-olmayacağı yaxın gələcəkdə aydınlaşacaq. Ancaq hazırda reallıq ondan ibarətdir ki, rəsmi İrəvan qonşularla münasibətləri normallaşdırmağa nail olmazsa, Ermənistan həqiqətən də yoxa çıxacaq. Və ermənilərin bu reallığı qavraması üçün olduqca ciddi əsaslar var.

Məsələn, rəsmi İrəvan nəhayət, xatırlamalıdır ki, erməni toplumu və Ermənistan Rusiya imperiyasının layihəsidir. Bu layihə sayəsində Rusiya imperiyası Türk çöğrafiyasını parçalamaq üçün tampon bölgə yaradıb, onu Ermənistan adlandırmışdı. Və son illərə qədər Kreml Rusiya imperiyasının bu layihəsinin mövcudluğuna sadiq idi.

Ancaq artıq bir çox şeylər sürətlə dəyişməyə başlayıb. Vaxtilə düşmən olan Türkiyə və Rusiyanın strateji maraqları uzlaşıb. Kremlin Türkiyə ilə qarşıdurma planları tədricən arxa plana keçməkdədir. Və Türk coğrafiyasını parçalayan süni "erməni tamponu" da öz əhəmiyyətini itirməyə başlayıb.

Əksinə, indi Ermənistan bir süni "tampon dövlət" kimi Rusiya və Türkiyənin ortaq maraqlarına ciddi problemlər yaradır. Ona görə də, Ermənistanın xəritədən silinməsi elə Kremlin də işinə yaraya bilər. Kremlin israrla "3+3" formatını dəstəkləyərək, Zəngəzur dəhlizinin açılmasına çalışması da qətiyyən boşuna deyil. Və bu, Rusiyanın "Ermənistan layihəsi"ni artıq qurban verməyə hazır olduğu anlamına gəlir.

Təbii ki, bu reallığı əksər beynəlxalq siyasi iradə mərkəzləri də anlayır. Sadəcə, keçmişdən qopa bilməyən erməni toplumu indiki geopolitik şərtlər daxilində uydurma Ermənistanın yaxın gələcəkdə olmayacağını hələ də dərk etməkdə çətinlik çəkir. Halbuki bu barədə müxtəlif səviyyələrdə Ermənistanın siyasi rəhbərliyinə açıq mətnlə xəbərdarlıq belə, edilir.

Məsələ ondadır ki, Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın RBK telekanalına müsahibəsində belə xəbərdarlıqlardan birini etiraf edib. Belə ki, o vaxtilə İtaliyanın keçmiş baş naziri Romano Prodiylə Ermənistanın gələcəyi ilə bağlı mübahisə etdiyini deyib. Çünki, İtaliyanın keçmiş baş naziri R.Prodi A.Sarkisyana Ermənistanın çökmüş dövlət olduğunu sübut etməyə çalışıb.

A.Sarkisyan isə Ermənistanı "parlaq gələcək" gözlədiyinə inandığını vurğulayıb. Cavabındasa, İtaliya baş naziri Ermənistanın gələcəkdə hansısa dövlətin tərkib hissəsinə çevriləcəyini iddia edib. A.Sarkisyan nə qədər əksini sübut etməyə çalışsa da, R.Prodi Ermənistan adlı dövlətin gələcəkdə olmayacağını vurğulayıb.

Təbii ki, Ermənistanın xəritədən silinəcıyini düşünənlərin sırası yalnız İtaliyanın keçmiş baş naziri R.Prodi ilə məhdudlaşmır. İndi bu barədə proqnoz vermək isə daha da asanlaşıb. Hər halda, Ermənistanın tədricən ərimək üzrə olduğunu hazırda yalnız erməni toplumu görmək istəmir. "Yeni Müsavat"