Azərbaycanla Ermənistan arasındakı son döyüşlər harada gedib?

Azərbaycanla Ermənistan arasındakı son döyüşlər harada gedib?

20 Noyabr 2021 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bu həftənin əvvəlində Azərbaycan və Ermənistan arasında ötən ilki 44 günlük müharibədən sonra ən çox insan itiksi ilə nəticələnən döyüşlər olub.

Oxuməni.az xəbər verir ki, tərəflər sərhəddə döyüşlərin getdiyini desələr də toqquşmaların konkret hansı ərazidə olduğunu deməyib və coğrafi nöqtələri nişan verməyiblər.

15 və 16 noyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində tərəflərin artilleriya və döyüş texnikası da istifadə etdiyi atışmalarda Ermənistan tərəfindən altı, Azərbaycan tərəfindən yeddi hərbçi həlak olub. Azərbaycan 10, Ermənistan 4 döyüşçüsünün yaralandığını bildirib.

Ermənistan bu döyüşlər nəticəsində 13 nəfərin əsir düşdüyünü, 24 hərbçi ilə əlaqəsinin kəsildiyini bildirilib. Ermənistan tərəfi "itkin" hərbçilər haqqında deyib ki, onların "taleyi məlum deyil, intensiv axtarış işləri aparılır". Azərbaycan əsir məsələsini indiyə kimi nə təsdiq, nə təkzib edib.

Ermənistan mediasının yazdığına görə, döyüşlər Noravan və İşxanasar kəndlərindən 6-7 km məsafədə gedib. Həmin kəndlər Sisyan yaşayış məntəqəsinə yaxındır.

Döyüşlərdən sonra Ermənistan bəyan edib ki, hərbi əməliyyatlar zamanı iki hərbi posta nəzarəti itirib, amma onların yeri barədə məlumat verilməyib. Azərbaycan indiyə kimi Ermənistanın bu iddiasını şərh etməyib. Bəzi Ermənistan mənbələri yazıb ki, döyüşlər Kilsəli dağı ətrafında gedib. Nə Azərbaycan Müdafiə Nazirliyi, nə də Ermənistan Müdafiə Nazirliyi döyüş mövqelərinin yerini və döyüşlərdən sonra nəzarət etdikləri coğrafi ərazini açıqlamayıb.

Ermənistandakı "Haykakan Jamanak" qəzeti yazıb ki, toqquşmadan əvvəl Azərbaycan hərbçiləri Ermənistan qüvvələrindən Tsitsernakar təpəsində iki döyüş mövqeyindən çəkilmələrini tələb edib, lakin hərbçilər imtina ediblər. Daha sonra döyüşlər başlayıb.

Hərbi təhlilçi Ədalət Verdiyev hesab edir ki, döyüşlərin getdiyi yüksəkliklər Azərbaycan ərazilərində olub. Cənab Verdiyev deyib ki, döyüşlərdən sonra Azərbaycan Ermənistana ölən əsgərlərin meyitlərini təhvil verib və bu, hücum edən tərəfin Ermənistan olduğunu göstərir. "Bunu başqa bir amil də göstərir ki, Azərbaycanda onların çoxlu əsirləri var, həm də cəsədlər Azərbaycan tərəfində qalıb. Adətən, hücum edən tərəf hücumu alınmayıb geri çəkiləndə cəsədlər və əsirlər verməli olur", - Ədalət Verdiyev deyib.

O düşünür ki, döyüşlər Qaragöl ətrafında olan yüksəkliklərdə gedib. Ədalət Vəliyev xatırladır ki, daha əvvəl Ermənistanın keçmiş müdafiə naziri Qaragöl ətrafına baş çəkib, özü ilə 60 nəfərə qədər hərbçi gətirən zaman da Azərbaycan tərəfi ilə arasında insident baş vermişdi. Ədalət Vəliyev deyib ki, həmin vaxt insident Rusiya tərfindən olan hərbçilərin işə qarışması ilə itkisiz həll olunmuşdu. Hərçənd, Ermənistan belə bir insidentin baş verdiyini təkzib edib.

Hərbi təhlilçi hesab edir ki, noyabrın 6-da Azərbaycanın "Zəfər Günün"nü qeyd etməsindən əvvəl "hərbi hərəkətlilik başlayıb və türk ölkələrinin zirvə görüşündən sonra Ermənistan tərəfindən hərbi yola əl atmaq güclənib".

Ermənistan Azərbaycanın ilk olaraq hücum etdiyini deyir. Cənab Verdiyev bildirib ki, bu, İkinci Qarabağ müharibəsindən sonra miqyasına görə ən böyük və ağır artilleriyanın da istifadə olunduğu ilk döyüş olub. Təhlilçinin fikrincə, Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində Böyük Şorca tərəf, Laçında Qaragöl ərazilərində ərazi mübahisələri var.

Onun sözlərinə görə, Azərbaycan bütün sərhədlər boyu və mübahisəli ərazilərdə sərhədlərin təyin olunması barədə danışıqlara başlamaq istəyir, amma Ermənistan tərəfindən buna adekvat cavab almır. "Ermənistan deyir ki, Azərbaycan bizim sərhədi pozub. Sual ortaya çıxır ki, bu sərhədi bizə göstərin. Axı, hələ siz sərhədin delmitasiyasına gəlmirsiz, bir ildir uzadırsız bu məsələni", - Ədalət Verdiyev deyib.

Ermənistan Rusiyanın vasitəçiliyi ilə sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağa hazır olduğunu deyib. "Sərhədlərin demarkasiyasına gəlincə, Ermənistan buna hazırdır. Əgər Azərbaycanda ciddi hazırlıq olarsa, o zaman Rusiyanın vasitəçiliyi ilə biz irəliyə gedərək demarkasiya və delimitasiya prosesinə başlaya bilərik", - oktyabrın əvvəlində Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan deyib.

Azadlıq radiosunun rus xidməti yazıb ki, Rusiya Müdafiə Nazirliyi döyüşlərin Kilisəli dağı ərazisində getdiyini bildirib. Məlumatda deyilir ki, Rusiya tərəfi döyüşlər gedən həmin ərazilər barədə məlumat yayarkən ərazilərin erməni dilində olan adlarından istifadə etməyib.

"Sovet İttifaqı Silahlı Qüvvələri Baş Qərargahının dərc etdiyi 1975-ci il hərbi xəritəsinə əsasən, zirvə, eləcə də dəniz səviyyəsindən 2794,3 metr yüksəklikdə olan Kilisalı dağının şimal, şərq və cənub yamacları Sovet Azərbaycanının ərazisi, qərb yamacının bir hissəsi isə Sovet Ermənistanı ərazisindədir",- Azadlıq radiosunun rus xidməti yazıb.

16 noyabr döyüşlərindən iki gün sonra, cümə axşamı günü Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası üzrə hazırlıq mərhələsi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin təklifləri ilə razıdır.