Sinan Oğan kimdir və hansı tələbləri var?– Bakıda müəllim idi, Türkiyədə siyasi lider oldu...

Sinan Oğan kimdir və hansı tələbləri var?– Bakıda müəllim idi, Türkiyədə siyasi lider oldu...

20 May 2023 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində 5,17% (2.829.634) səs toplayaraq, gözlənilməz bir uğura imza atan Sinan Oğan seçkinin ikinci tura qalması ilə birlikdə əsas siyasi fiqura çevrilib.

Qeyd edək ki, ilk turda namizədlərdən heç biri 50%-dən artıq səs toplaya bilmədiyi üçün seçki ikinci tura qalıb. İlk turda Türkiyənin hazırkı Prezidenti, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu isə 44,88% səs toplayıb. Aradakı təxminən 5%-lik fərqi nəzərə aldıqda mayın 28-də keçiriləcək ikinci turda S. Oğanın dəstəkləyəcəyi namizəd seçkiyə bir addım öndə başlaya bilər. Ona görə də hazırda “ATA” İttifaqından prezidentliyə namizəd olan S. Oğanın növbəti turda kimi dəstəkləyəcəyi böyük maraqla gözlənilir.

Bəs Sinan Oğan kimdir?

Sinan Oğan 1 sentyabr 1967-ci ildə İğdırın Melekli qəsəbəsində azərbaycanlı ailəsində doğulub. 1989-cu ildə Mərmərə Universitetinin Biznesin idarə edilməsi fakültəsini bitirib. Magistratura təhsilini Azərbaycanda alıb.

1992-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası Biznesin İdarəedilməsi fakültəsinin dekan müavini və müəllim vəzifələrində çalışıb. Həmin dövrdə o, eyni vaxtda TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) Azərbaycan nümayəndəsi vəzifəsini icra edib.

Daha sonra 2009-cu ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində MDBMİ-də beynəlxalq münasibətlər və siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 2000-ci ildə Türkiyəyə qayıdan Oğan Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz üzrə çalışıb. O, 2004-cü ildə strateji təhlil və beyin mərkəzlərindən biri olan TÜRKSAM-ı təsis edib. Oğan hələ də TÜRKSAM-ın prezidenti vəzifəsini davam etdirir.

Onu da qeyd edək ki, S. Oğan 1991-ci ildə Sovet İttifaqının dağılmasından əvvəl Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə görüşüb və Azərbaycanın müstəqillik qazanmasından sonra bir müddət Elçibəyin ofisində fəaliyyət göstərib. 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi medalı”na layiq görülüb.

Oğan, həmçinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun baş katibi vəzifəsində də çalışıb. S. Oğanın bu yaxınlarda verdiyi açıqlamaya görə, azərbaycanlı iki nazir - gənclər və idman naziri Fərid Qayıbov və iqtisadiyyat naziri Mikayıl Cabbarov onun tələbələri olub.

Sinan Oğan siyasi karyerasına MHP-də başlayıb. İlk olaraq 2006-cı ildə MHP sədri Dövlət Baxçalıya xarici siyasət və təhlükəsizlik məsələlərində informasiya dəstəyi verib. 2011-ci ildə MHP Iğdır millət vəkili seçilib.. Sinan Oğan 2015-ci ildə MHP başqanlığına namizədliyini açıqlasa da, 26 avqust 2015-ci ildə partiyadan xaric edilib.

Daha sonra açdığı iddiadan qalib ayrılaraq 2015-ci il noyabrın 2-də qovulduğu Milliyyətçi Hərəkat Partiyasına qayıdıb. Oğan 2023-cü ildə “ATA” İttifaqından prezidentliyə namizəd olub.

Sinan Oğan ikinci turda bitərəf mövqe sərgiləyə bilərmi?

S. Oğanın ikinci turda bitərəf mövqe tutacağı gözlənilmir. Oğan seçkidən bir gün əvvəl verdiyi açıqlamada da bunu bəyan edib.

O, ikinci turda bəzi şərtlərinin və tələblərinin olacağını, bunun əsasında da qərar verəcəklərini açıqlayıb: “Bizə səs, imza verənlərə soracaq, cəmiyyətdə bununla bağlı bir dəyərləndirmə aparacağıq. Danışıq apardığımız tərəflə tələblərimizi müzakirə edəcəyik. Tələblərimizin başında qarşı tərəfin terrorla arasına məsafə qoyması olacaq.

Əlbəttə, biz heç nəsiz ortaqlıq etməyəcəyik - nazirliklər, prezident köməkçisi və s. istəyimiz olacaq. Anlaşa bilsək, hökumətin içində yer alacağıq, anlaşa bilməsək, yolumuza davam edəcəyik”.

Digər tərəfdən, S. Oğan tənqidlərdən yayınmaq üçün, Məhərrəm İncə kimi istəyini açıq şəkildə bəyan etmək əvəzinə, sətiraltı mesajlarla öz seçicilərinə yön verə bilər.

Sinan Oğanın 5 şərti var

“Qırmızı xətti” terrorla mübarizə olan, milliyətçi və “Atatürkçü” mövqeyi ilə bilinən Sinan Oğanın dəstəkləyəcəyi namizədin qarşısına 5 əsas şərt qoyacağı gözlənilir:

1. Konstitusiyanın ilk 4 maddəsi dəyişməyəcək;

2. Konstitusiyanın 66-cı maddəsində yer alan türkçülüyün konstitusiyadan çıxarılmasının qarşısına əngəl qoyulacaq;

2. Türkiyədəki 13 milyona yaxın qaçqın ölkədən göndəriləcək;

4. İqtisadi böhranın əsas səbəblərindən – faiz və inflyasiyadan qurtululacaq;

5. Terror təşkilatları və onların siyasi qanadları ilə məsafəli davranılacaq.

S. Oğanın bu şərtləri qarşılayan namizədlə ikinci mərhələdə danışıqları davam etdirməsi gözlənilir.

Qeyd edək ki, S. Oğan ötən gün Türkiyə mətbuatına verdiyi açıqlamada ikinci turun nəticəsini türk millətçilərinin və Atatürkçülərin müəyyən edəcəyini vurğulayıb.

S. Oğan ikinci turla bağlı bu mesajları verib: “Türkiyənin böhrana girməsinə heç vaxt imkan verməyəcəyik. Bu seçkidə ən stabil mövqe tutan biz olduq. Gələcəkdə də bu mövqeyimizi davam etdirəcəyik. Biz öz münasibətimizi millətimizin mənafeyinə uyğun olaraq təyin edəcəyik. Qarşıda bizi çətin 15 gün gözləyir”.

Jurnalistin:“HDP siyasi sistemdən kənarlaşdırılarsa, Kamal Kılıçdaroğlunu dəstəkləyərəm” ifadəsini işlətmisinizmi? sulına Oğan belə cavab verib: “Xeyr, bu yanlışdır. Biz prinsip ortaya qoyduq. Həmin prinsiplərdən sadəcə biri terror təşkilatları və onların siyasi qanadları ilə araya məsafə qoyulmasıdır. Mən əvvəldən HDP və Hüda Parın siyasətdə olmasının əleyhinə olmuşam. Yeganə şərtimiz bu olsaydı, “Cənab Kılıçdaroğluna, HDP-dən əl çək, gələk” deyərdik. Bu o qədər də sadə məsələ deyil”.

S. Oğan bütün seçici kütləsini bir namizədə yönəldə bilərmi?

S. Oğanın ikinci turda 2 milyon 829 min 634 seçicinin böyük hissəsini hər hansı bir namizədə yönləndirə biləcəyi ehtimal edilmir. Çünki “ATA” İttifaqını təşkil edən seçicilərin böyük hissəsi millətçi refleksləri ilə ön plana çıxan insanlardır.

S. Oğanın “rəis əmr etdi, yoluma davam edəcəm” və ya “HDP kimi desə səsimi ona verəcəm” deyən kütləsi yoxdur. Onların böyük əksəriyyəti belə məqamlarda kimin nə deməsindən asılı olmayaraq, ölkənin qarşılaşdığı terror təhlükəsinə qarşı bir cəbhədə birləşərək, sonda milliyətçi duruşu sərgiləyən insanlardır.

Digər bir ehtimala görə, bu seçici kütləsinin əsas hissəsi ikinci tur səsvermələrində iştirak etməyəcək.

Millətçi kəsimin səsləri Ərdoğana daha yaxın görünür

Hazırkı məqamda Sinan Oğanın kimi dəstəkləyəcəyindən asılı olmayaraq, millətçi kəsimin K.Kılıçdaroğluyla müqayisədə R. T. Ərdoğanı seçmə ehtimalı daha yüksək göürünür.

Çünki seçki kampaniyası boyunca PKK-nın sözdə liderlərinin “Millət İttifaqı”na və Kamal Kılıçdaroğluna açıq dəstəyi, eləcə də Kılıçdaroğlunun “seçilsək Selahettin Demirtaş və Osman Kavalanı sərbəst buraxacağıq” kimi anti-milli açıqlamaları müxalifəti milliyətçi kəsimin gözündə düşmənə çevirib. Ona görə də bu mərhələdə S. Oğanın Kılıçdaroğluna dəstəyi olsa belə, bu insanlar milliyətçi duruşunu pozmayacaq və “Millət İttifaqı”nın xeyrinə səs verməyəcəklər. AzPolitika.info