“Rusiya diplomatiyası elə bir naqisliyə yol verir ki...” - Sərt açıqlama

“Rusiya diplomatiyası elə bir naqisliyə yol verir ki...” - Sərt açıqlama

25 May 2023 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

“Əslində, Qarabağ ermənilərinin rəsmi Bakı ilə kontakt qurmamasının səbəbi Rusiyanın oyunbazlığıdır”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Yenisabah.z-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O, Qarabağ ermənilərinin rəsmi Bakı ilə kontakta keçməsinə qarşı olan siyasi qüvvələrin məqsədindən, habelə Rusiyanın bölgədə dominant rolu oynamaq istəklərindən söz açıb.

Analitikin fikrincə, Rusiya çalışır ki, bölgədə özünün işlək rıçaqını əldən verməsin:

“Qanunsuz erməni hərbi birləşmələrindəki “zabitlər”, habelə digər separatçılar birmənalı şəkildə deyirlər ki, gələcəyimiz Rusiya ilə bağlıdır və Rusiya bizə qarant durmalıdır ki, biz azərbaycanlıların qarşısında zəif görünməyək, bizə soyqırımı törətməsinlər, etnik təmizləmə olmasın və s. və i.a”.

Siyasi təhlilçi hesab edir ki, bu gün Ermənistanın daxilində Qarabağ ermənilərinin Rusiyanın oyununa getməsi barədə müxtəlif fikirlər var:

“Baş nazir Nikol Paşinyan faktiki olaraq başa düşür ki, bu məsələ onun maraqlarında olsa da, Ermənistanın tabeçiliyinə, eləcə də yurisdiksiyasına aid deyil. Ona görə də Ermənistanda bu məsələ ilə bağlı deyirlər ki, Qarabağ nə olursa-olsun, gərək biz Azərbaycanla sülhə gedək.

Burada Fransa da prosesə mane olur, lakin əsas Rusiyadır. Görürük ki, Rusiyanın sülhməramlı adı altında Qarabağda yerləşdirdiyi hərbi kontingenti öz səlahiyyətləri ilə məşğul deyil. Əksinə, onlar orada biznesə qarışırlar, bölgədə təhrikçi proseslərdə izlərini qoyublar və s. Nəhayət, onlar Azərbaycanın başının altına yastıq qoymağa çalışırlar ki, guya öz vəzifələrini layiqincə yerinə yetirirlər. Lakin, əslində, belə deyil”.

T. Abbasov xatırladıb ki, rəsmi Bakının əsas məramı ondan ibarətdir ki, Qarabağ ermənilərinin reinteqrasiyasını həyata keçirsin:

“Buna, ilk növbədə, mane olan Rusiya oldu. Doğrudur, Fransa və digər ölkələrin də burada əli ola bilər, lakin məsələdə pozucu fəaliyyət göstərən əsas qüvvə Rusiyadır.

Əgər Rusiya həqiqətən də Azərbaycanla müttəfiqlik münasibətlərini qurubsa, gərək belə işlərdən uzaq dursun, amma təəssüf ki, durmur. Rusiya bu gün guya Ermənistanı itirmək istəmədiyini söyləsə də, Moskva Azərbaycanı itirə bilər. Ona görə ki, biz həm qonşuyuq, digər tərəfdən də Rusiyanın bizdən asılılığı var. Düzdür, bizim də Rusiyadan asılılığımız var və biz bunu inkar etmirik”.

Müsahibimiz sual edib ki, 2022-ci ilin 22 fevralında Moskvada Prezident Əliyev və prezident Putin müttəfiqlik bəyannaməsinə imza atıbsa və o bəyannamədəki 43 bənddən 1-i separatizmə qarşıdırsa, niyə Rusiya belə ikibaşlı oyun oynayır:

“Rusiyanın diplomatiyası elə bir axsaqlığa və naqisliyə yol verir ki, onlar çalışırlar, bölgələri öz nəzarəti altında münaqişəli vəziyyətlər vasitəsilə saxlasınlar. Amma yaxşı olardı ki, Rusiya həqiqətən bölgəyə sülh gətirərdi. Onda həm Azərbaycanın, həm Ermənistanın dostu olaydı. Eləcə də Rusiya müttəfiqliyini qoruyub saxlayardı və biz də bilərdik ki, Rusiya bizə arxadan zərbə vurmur, amma hələlik bu baş vermir”.