Oskanyan: Paşinyan 3 ay sussa, Qarabağda vəziyyəti...

Oskanyan: Paşinyan 3 ay sussa, Qarabağda vəziyyəti...

8 İyul 2023 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın 1998-2008-ci illərdə xarici işlər naziri olan Suriya ermənisi Vardan Oskanyan Baş nazir Nikol Paşinyanın müharibənin labüd olduğu barədə iddiasına qarşı çıxıb. Deyib ki, müharibənin qarşısını almaq olardı, Paşinyan öz səhvləri ilə müharibəyə səbəb oldu.

Əlbəttə, müharibənin tezləşməsinə səbəb Nikol Paşinyanın Şuşada yallı getməsi, qondarma qurumun “parlamentinin” Şuşaya köçürülməsinə cəhd, həmçinin “yeni müharibə və yeni ərazilər” kimi meydan oxuyan tezis oldu. Ancaq məsələ burasındadır ki, Paşinyan Serj Sərkisyandan hakimiyyəti və öhdəlikləri təhvil almışdı.

Serj Sərkisyan isə 2016-cı ilin Aprel savaşını dayandırmaq və dəhşətli məğlubiyyətdən yaxa qurtarmaq üçün Rusiya lideri Vladimir Putinin vasitəçiliyi ilə öhdəlik götürmüş, torpaqların qaytarılacağına və Azərbaycan ərazilərindən erməni qoşunların çıxarılacağına vəd vermişdi. Bu prosesi “seçkilərdən sonraya saxlamaq” adı ilə uzadan Sərkisyan nəhayət, hakimiyyəti Paşinyana ötürməklə, verdiyi vəddən və məğlub durumdan qaçmağa çalışdı.

Nikol Paşinyan isə Rusiyanın təzyiqləri və verilən vədləri yerinə yetirmək tələbləri qarşısında “demokrat” cildində Qərbdə havadar axtarmağa, Qərbin dəstəyi ilə işğalı davam etdirməyə çalışırdı. Təsadüfi deyil ki, “yeni müharibə və yeni ərazilər” tezisini də Nikol Paşinyan hökumətinin müdafiə naziri David Tonoyan ABŞ-da dilə gətirmişdi.

2020-ci ili İyul savaşında da Ermənistanın hədəfi fərqli istiqamətdə növbəti işğal cəhdi ilə Qarabağın işğalı prosesini arxa plana atmaq idi. Onun bu cəhdləri Ordumuz tərəfindən dəfn edildi.

V.Oskanyandaha sonra deyib ki, Qərb Qarabağ məsələsinin həllinin tərəfdarıdır: “Əmin olun ki, Qərb üçün problemin necə həll olunmasının heç bir fərqi yoxdur. İndi Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün Qərb onu aktiv şəkildə dəstəkləyir””.

Oskanyan iddiasını da ortaya qoyub, bildirib ki, bütün xarici siyasət kursu ona tapşırılsa və Nikol Paşinyan sussa, danışmasa, 3 aya Qarabağla bağlı vəziyyəti köklü surətdə dəyişə bilər. Ancaq Nikol heç bir halda danışmamalıdır, çünki o danışanda, aləmi bir-birinə qatır.

Bu da Oskanyanın yalanıdır. Oskanyan Ermənistanın xarici siyasətinə rəhbərlik etdiyi dövrdə - o dövr kimi, İrəvan özünü qalib kimi aparırdı və bütün danışıqlarda da qalib mövqeyindən çıxış edirdi – Azərbaycan keçmiş Dağlıq Qarabağı danışıqların tərəfi kimi heç vaxt qəbul etməyib. Bu faktın özü Ermənistanın hələ 90-cı illərdə işğalı hüquqi baxımdan əsaslandırmaq cəhdlərinə qarşı son dərəcə əhəmiyyətli bir diplomatik qələbə idi.

Müqayisə üçün xatırladaq ki, Ukrayna “dxr” və “lxr”i tərəf kimi qəbul etmiş, Minsk razılaşmasında hər iki qondarma qurumun imzasına razı olmuş, nəticə etibarilə də Rusiyanın bu qondarma qurumların “müstəqilliyini” tanımasına yol açmışdı.

Azərbaycan hətta iqtisadi, siyasi və hərbi baxımdan ən zəif mövqedə olanda belə rəsmi Bakıya (Heydər Əliyevə) bunu qəbul etdirə bilmədilər – nə Rusiya, nə Fransa, nə də bütövlükdə xristian dünyası. Əksinə, Heydər Əliyev münaqişənin yalnız iki tərəfi – Azərbaycan və Ermənistan – olduğunu rəsmiləşdirmək və bütün beynəlxalq qurumlarda, müqavilələrdə, danışıqlarda təsdiqlətməklə keçmiş Dağlıq Qarabağın müstəqillik iddialarının üstündən tam bir xətt çəkmiş oldu. Keçmiş Dağlıq Qarabağ – faktiki olaraq BMT-də Azərbaycan ərazisi kimi qəbul edilən bir torpağa Ermənistanın iddiası kimi anlaşılırdı.

Və bu, Vardan Oskanyanın nazir olduğu 10 ilin ilk illərində baş vermişdi.

Ona görə də V.Oskanyanın indi “cəmi 3 aya köklü dəyişikliklər” iddiası yalandan başqa bir şey deyil: əgər Oskanyan və yaxud rəsmi İrəvan yeni reallıqları dəyişməyə cəhd edərsə, onda 10 noyabr 2020-ci il sazişi qüvvədən düşmüş olacaq ki, bu da Azərbaycan Ordusuna yeni fürsət verəcək.

Ordumuz bu fürsəti qəti şəkildə qaçırmayacaq!

Axar.az