Daş kimi dissident – öz ölkəsini ifşa edən, başqa ölkələrin diktatorları ilə dost olan Stoun

Daş kimi dissident – öz ölkəsini ifşa edən, başqa ölkələrin diktatorları ilə dost olan Stoun

19 Avqust 2023 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada elə məşhur sənətkarlar var ki, hamı onları dissident, haqq-ədalət carçısı, alovlu mübariz, öz hökumətlərinə müxalif, yeri gələndə öz dövlətinin pis işlərini ifşa edən biri kimi tanıyır. Di gəl, vətənindəki demokrat lideri yerdən-yerə vuran həmin şəxslər gedib başqa ölkələrin diktatorlarına rəğbət bəsləyir, biri Fidel Kastro ilə dost olur, o biri Vladimir Putinə mədhiyyə yazır və s.

O cür adamlardan ən parlağı və məşhuru amerikalı kinorejissor, ssenarist Oliver Stoundur.

Bu günlərdə o, yenidən Putinin müdafiəsinə qalxıb və deyib ki, Rusiya prezidenti Vladimir Putin əslində Qərbin onu təsvir eləməyə çalışdığı şəxs deyil.

379517_big_21384bc385.jpg (38 KB)

Stoun Putin haqqında dünyada yayılmış qənaəti Amerika təbliğat maşınının məhsulu saydığını deyib və vurğulayıb ki, o, heç də bədheybət deyil, həmişə konstruktiv əməkdaşlığa can atan biridir.

Biz isə Putini də tanıyırıq, Baydeni də, Stounu da. Ukraynada baş verən faciələrdən də əla xəbərimiz var. ABŞ-ın təbliğat maşını olsa da, olmasa da, bu ölkənin başına gələnləri bilirik və vaxtilə eyni qəbildən olan hərbi təcavüzlərə məruz qaldığımız üçün regionumuzda olub-bitənlərə dair informasiyamız dolğun, qənaətimiz dürüstdür.

Ona görə də öz ölkəsinin imperializm siyasətinə qarşı olan, bu mövzuda ekran əsərləri yaradan birinin başqa ölkənin imperializm siyasətinə haqq qazandırması heç cür anlaşılan deyil.

Uilyam Oliver Stounun 77 yaşı var, dünyanın ən məşhur kino xadimlərindən biridir, 3 dəfə “Oskar” mükafatının laureatı olub.

oliver-stoun.jpg (109 KB)

O, nadir sənətkarlardandır ki, ABŞ prezidentləri (Kennedi, Nikson və Buş) haqqında filmlər çəkib, Reyqan administrasiyası tərəfindən maliyyələşdirilən “ölüm dəstələri”nin Salvadorda amansız terror fəaliyyətindən bəhs edən film ərsəyə gətirib, ölkəsinin Vyetnamda apardığı müharibəyə qarşı çıxıb, “Vyetnam trilogiyası” yaradıb.

1991-ci ildə “Con Kennedi. Dallasda atəş səsləri” filmini çəkən Stoun “Uorren komissiyası”nın prezident Kennedinin öldürülməsi ilə bağlı çıxardığı nəticələri təftiş edib. Filmdə Kennedinin həyatına son qoyan "sehrli güllə"yə dair rəsmi versiya və komissiyanın hesabatında göstərilən sui-qəsd cəhdində "tək qatil" Li Harvi Osvaldın rolunu təkzib edilir, belə bir iddia irəli sürülür ki, kriminal aləmlə sıx bağlı olan korporasiyalar və kəşfiyyat agentlikləri Kennedinin aradan götürülməsində maraqlı olublar. (Yeri gəlmişkən, bir-iki il öncə ABŞ-ın baş kəşfiyyat idarəsi MKİ Kennedinin ölümünə dair sənədlərin tam olaraq açıqlanmasının qarşısını yenidən alaraq bütün şübhələri öz üzərinə çəkməkdən çəkinmədi). Bu film Amerika cəmiyyətində şiddətli mübahisələrə səbəb olub, ancaq hökumət strukturları Oliver Stounun şöhrətindən, nüfuzundan çəkinərək ona qarşı hər hansı bir təqib-təzyiq kampaniyasına start vermədilər.

olivkast.JPG (43 KB)

Amma görün, belə bi mübariz adam sonra nə edib? O, Kubanın yarım əsrlik diktatoru Fidel Kastro haqqında üç sənədli film çəkib: “Komandante” (2003), “Fideli axtarıram” (2004) və “Kastro qışda” (2012).

2009-cu ildə Stoun Latın Amerikasının avtoritar liderləri haqqında "Sərhədin cənubu" adlı tammetrajlı sənədli film çəkib. Bu filmdə rejissor yeddi prezidentlə müsahibələrindən istifadə edir: Uqo Çaves (Venesuela), Evo Morales (Boliviya), Rafael Korrea (Ekvador), Raul Kastro (Kuba), Kirşnerlər (Argentina), Lula da Silva (Braziliya) və Fernando Luqo (Paraqvay).

640.stone--.jpg (33 KB)

Qati anti-ABŞ ovqatlı Uqo Çaves 2009-cu ilin sentyabrında Venesiya beynəlxalq film festivalında sənədli filmin premyerasında Stounu şəxsən müşayiət edib.

2014-cü ilin martında, Çavesin ölümünün ildönümündə Stoun “Mənim dostum Uqo” filmini təqdim edib.

O, Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşüb və 2014-cü ildə Ukraynada baş verən hadisələrdən bəhs edən "Ukrayna alovlu" sənədli filmini çəkərkən Putindən və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçdən müsahibə alıb.

2014-cü ilin noyabrında Stoun Rusiya prezidenti Vladimir Putin haqqında serial çəkmək istədiyini açıqlayıb. 2015-2017-ci illərdə rejissor Rusiya prezidenti Vladimir Putin haqqında “Putinlə müsahibə” filmini çəkib.

nazarsto.jpg (5 KB)

2021-ci ilin yayında o, Nursultan Nazarbayevə həsr olunan “Qazax. Qızıl adamın hekayəsi” adlı sənədli film çəkib.

Bir sözlə, dünya diktatorlarınnı və avtoritar liderlərin dostu olan bu şəxsin Putini bədheybət hesab edənlərə qarşı çıxması təbiidir.

Ancaq ziddiyyət ondadır ki, Oliver Stoun “Wikileaks”in qurucusu Culian Assanjın açıq tərəfdarıdır. Görünür, Assanjla onu ABŞ imperializminə qarşı mübarizə amili birləşdirir.

Daha bir ziddiyyət. Stoun 2012-ci ildə Barak Obama haqqında müsbət danışıb, lakin illər sonra deyib ki, bir çox amerikalı vətndaş Obamanın siyasətindən məyus olub, çünki Obama Corc Buş administrasiyasının siyasətini davam etdirib və vətəndaşlara nəzarət edən qlobal dövlət strukturları yaradaraq "Ştazi”ni üstələyib.

2018-ci ilin aprelində o, Tehranda prezident Donald Trampı Bibliyada adı keçən iblislə müqayisə edib, 2020-ci ildə Co Baydenə səs verib, ancaq Demokrat Partiyasının ikiüzlülük etdiyini bildirib.

original-1tkc.jpg (190 KB)

Məşhur rejissor 2022-ci ildə Rusiyanın Ukraynaya hücumunun başlamasını dəstəkləyib, lakin martın ortalarında fikrini dəyişib, ilin sonunda yenidən Putinin tərəfində olduğunu bildirib.

İki ay öncə o, “Qardian” qəzetinə müsahibədə deyib: “Rusiya nüvə enerjisi ilə bağlı böyük işlər görür... Putin böyük ölkənin liderdir və xalq onu sevir”.

Bir sözlə, belə görünür ki, bu məşhur sənətkar həqiqət axtarır, ancaq onu yaxşı yerlərdə axtarmır. Stoun rəğbət bəslədiyi istibdad rejimlərində yaşasaydı, nəinki bu qədər film, heç klipdə çəkə bilməzdi. Musavat.com