Parisin Bakıya təhlükəli hücumu: hazırlıq gedir

Parisin Bakıya təhlükəli hücumu: hazırlıq gedir

3 Aprel 19:11
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa xarici işlər naziri Stefan Sejurnenin verdiyi açıqamalar rəsmi Parisin antiazərbaycan siyasətinin davam etdirilməsidir. Lakin bu dəfə səsləndirdiyi fikirlər Bakıya qarşı hazırlanan məkrli plandan da xəbər verir.

Bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Stefan Sejurnenin ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşdə Azərbaycan əleyhinə iddialarını şərh edərkən deyib.

A.Camalın fikrincə, Sejurnenin bu iddiaları Blinkenlə görüşdə dilə gətirməsi ABŞ-ı da antiazərbaycan planına qoşmaq cəhdidir:

“Fransa Ermənistanın müdafiəsi məqsədilə həyata keçirdiyi siyasətə Vaşinqtonun da dəstəyini əldə etməyə çalışır. Sejurnenin “Ermənistanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən mübahisələndirildiyi” iddiası buna hesablanıb. Lakin o, Blinkenlə mətbuata birgə açıqlamasında “biz bu məsələni bu gün müzakirə etdik” deyir. Deməli, qapalı görüşdə tərəflər Ermənistanın müdafiəsi məsələsini geniş şəkildə müzakirə edib, yaxud Fransa tərəfi ABŞ-ın diqqətini bu istiqamətə xüsusilə çəkib”.

A.Camal qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı yeni təxribatlar törədəcəyi istisna edilməməlidir:

“Baş verənlər hadisələrin bu istiqamətdə inkişaf etdiyini aydın göstərir. Rəsmi İrəvan sərhədə qoşun cəmləyib, mühəndis-istehkam işləri apardığını Müdafiə Nazirliyinin açıqlamasında da etiraf edir. Bunun fonunda Qərb kollektiv şəkildə Ermənistanın yeni gərginlik yaratmaq planını gizlətməyə, diqqəti Azərbaycanın üzərinə yönəltməyə çalışır. Ermənistan rəsmilərindən sonra Avropa Birliyinin bu ölkədəki müşahidə missiyası sərhəddə hər şeyin sabit olduğunu açıqladı, ardınca ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycanın “hərbi ritorikaya” baş vurduğunu iddia etdi. Fransa xarici işlər naziri isə böhran xarakterli iddialarını daha açıq şəkildə gündəmə gətirir. Bütün bunlar Ermənistanın sərhəddə mümkün təxribatından öncə beynəlxalq ictimai rəyi “Azərbaycanın hərbi ritorikasına” çəkmək və təxribat baş verdikdə rəsmi Bakını ittiham etməyə hesalanıb”.

A.Camal Ermənistanın mümkün təxribatının aprelin 5-də Brüsseldə planlaşdırılan Ermənistan-AB-ABŞ formatındakı görüş ərəfəsində baş verə biləcəyi ehtimalını da istisna etməyib. Onun sözlərinə görə, bu ay sərhəddə eskalasiyanın yaradılması planı işə salına bilər:

“Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozmasını “yoxlama atəşi” adlandıra bilərik. Bu, beynəlxalq ictimai rəyin reaksiyasını yoxlamağa hesablanmış ola bilər. Bu atəşdən sonra Qərb kollektiv şəkildə Ermənistanı müdafiə etdi, bu o deməkdir ki, daha genişmiqyaslı təxribata əl atmaları istisna edilməməlidir. Məqsəd Azərbaycanı hücum edən tərəf kimi göstərmək və Ermənistanın “təhlükəsizliyinin qorunması” adı altında Qərb qüvvələrinin bölgəyə gəlişini əsaslandırmaqdır. Sejurnenin iddiaları – Azərbaycanın “hərbi ritokadan istifadə etdiyi” haqda dedikləri, Ermənistanı regionda “yeganə sülhpərvər ölkə” kimi göstərməsi, sərhədə erməni qoşunların cəmlənməsi faktını Bakının “yalançı təbliğatı” adlandırması bu planın informasiya-təbliğat tərəfidir”.

A.Camal Sejurnenin iddialarında iki məqama da xüsusilə diqqət çəkib:

“Birincisi, Ermənistanın sərhədə qoşun yığmasını Azərbaycanın “təbliğatı” adlandıran fransalı nazirin bunu Rusiyanın Ukraynaya qarşı apardığı təbliğatla əlaqələndirməsidir. Bu, olduqca təhlükəli iddiadır və məqsəd beynəlxalq ictimai rəydə Azərbaycanı Ukraynaya hücum edən Rusiya ilə eyniləşdirmək cəhdidir. Eyni zamanda, iddiasında Rusiyanın adından istifadə etməklə kollektiv Qərbi Ermənistanın “müdafiəsinə” cəlb etmək istəyir.

İkincisi, fransalı nazirin Blinkeni, həm də dövlət katibinə xitabən beynəlxalq ictimaiyyəti “Bakıda COP29-a altı ay qalmış bu fakta diqqət yetirməyə çağırmasıdır”. Fransanın iddiasındakı bu detal COP29 tədbirini keçirməyə hazırlaşan Azərbaycanın “təhlükəli ölkə” olduğunu göstərmək məqsədi daşıyır”.

A.Camal təklif edib ki, Azərbaycan Fransanın bu iddiası ilə bağlı BMT-yə müraciət etməli və beynəlxalq iqlim məsələləri üzərindən siyasət aparmağın qəbuledilməz olduğu faktını beynəlxalq səviyyədə gündəmə gətirməlidir.

Oxuməni.az