Zelenski ikinci müddətə namizəd olmaq qərarına gəlib

Zelenski ikinci müddətə namizəd olmaq qərarına gəlib

9 Yanvar 14:40
Bəyəndim (1) Bəyənmədim (0)

Ukraynanın "Teleqraf" nəşri çərşənbə günü, yanvarın 8-də dövlət başçısının ətrafına istinadən yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski artıq ikinci müddətə namizəd olmaq qərarına gəlib. Lakin Ukrayna lideri bunu açıq şəkildə təsdiqləməyib.

Nəşr qeyd edir ki, 52 faiz etimad səviyyəsi ilə onun prezident seçkilərində qalib gəlmək şansı var, bir şərtlə ki, Zelenskinin əsas rəqibi, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujnı namizəd göstərilmir.

2024-cü ilin dekabrında Ukraynanın "Strana" nəşri də mənbələrə istinadən yazıb ki, Zelenskinin ofisi Zalujnını seçkilər olacağı təqdirdə namizədliyini irəli sürməkdən çəkindirməyə çalışır və əgər o, iştirak edərsə, o zaman yalnız “Sluqa naroda” (Xalqın qulluqçusu) partiyasının namizədlərinin siyahısının birinci yerində ola bilər.

Nəşrin yazdığına görə, o, hətta Zelenskinin ofisinin rəhbəri Andrey Ermakdan belə təklif alıb: əgər o, namizədliyini irəli sürməsə və Zelenskinin tərəfində seçkilərdə iştirak etsə, Zalujnı partiya siyahısında birinci yeri və parlamentdə spiker postunu tuta bilər. “Teleqraf.com” xəbər verir ki, Zalujnı hələlik yekun qərar verməyib.

Zelenskinin səlahiyyət müddəti mayın 20-də başa çatıb. Ukraynada 2024-cü ildə keçiriləcək prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərliyə əsaslanaraq ləğv edilib.

Almaz Həsənli