Əsgərov və Qozman “terrorçu və ekstremist” siyahısına daxil ediliblər
Rosfinmonitorinq siyasətçi Leonid Qozmanı və “Nə? Harada? Nə vaxt?" oyununun keçmiş iştirakçısı Rövşən Əsgərovu"terrorçular və ekstremistlər" siyahısına daxil edib. Adlarının yanında ulduz işarələri var - bu o deməkdir ki, onlara qarşı “terrorçuluq” maddələri ilə cinayət işi başlanıb. Departament bu qərarın səbəbini açıqlamayıb. Qozman və Əsgərovun Rusiyadakı bütün bank hesabları dondurulacaq.
"Nə? Harada? Nə vaxt?" oyununun keçmiş iştirakçısı Rövşən Əsgərov müharibə əleyhinə açıqlamaları ilə tanınır. 2022-ci ildə İkinci Dünya Müharibəsi zamanı sovet komandanlığına və şəxsən marşal Jukova ünvanlanan tənqidi ifadələrə görə ona qarşı “nasizmin reabilitasiyası” maddəsi ilə cinayət işi açılıb. Moskvanın Basmannı məhkəməsi onun qiyabi həbsinə qərar verib. Əsgərov Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agentlər” siyahısına daxil edilib. O, “xarici agent”in fəaliyyət qaydalarına əməl etmədiyinə görə cinayət işi ilə üzləşir.
Leonid Qozman Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Rusiyanı tərk etdi, lakin sonra bunun “mənəvi seçim” olduğunu izah edərək geri qayıtdı. Rusiya hakimiyyəti Qozmanı “xarici agent” elan edib, ona və həyat yoldaşına ikili vətəndaşlığı barədə bildirmədiyinə görə cinayət işi açıb, sonra isə sosial şəbəkələrdəki paylaşımlarına görə onu iki dəfə inzibati həbs edib.
Bundan sonra Qozman Rusiyanı tərk edib və Rusiya hakimiyyəti tərəfindən axtarışa verilib. 2024-cü ilin iyulunda Qozman Rusiya ordusu haqqında “saxta xəbərlər” yaymaqda ittiham edilərək qiyabi olaraq 8,5 il müddətinə ümumi rejimli koloniyaya məhkum edilib, lakin bu maddə “ekstremist” və ya “terrorçu”ya şamil edilmir.
2011-ci ildən dərc olunan Rosfinmonitorinq reyestrinə “ekstremist” və “terrorçuluq” fəaliyyətlərində ittiham olunan və ya məhkum olunan şəxslər daxildir. Bu siyahıya daxil olmaq bütün hesablara həbs qoyulmasını və əmlak üzərində sərəncamın məhdudlaşdırılmasını nəzərdə tutur. 2024-cü ilin sonuna olan məlumata görə, Rosfinmonitorinq siyahısına 600-dən çox təşkilat və 16 mindən çox insan daxildir. “Vestka”nın hesablamalarına görə, 2024-cü ildə “terrorçular və ekstremistlər” siyahısına rekord sayda vətəndaş əlavə edilib - 3152 nəfər.
Almaz Həsənli