Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub

19 Fevral 2020 16:53
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Parlamentinin Latviyadan olan keçmiş deputatı xanım İveta Qriquleyə Azərbaycan–Latviya əlaqələrinin inkişafındakı xidmətlərinə görə, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub.

Oxuməni.az xəbər verir ki, bu münasibətlə keçirilən görüşdə ölkəmizin Latviyadakı səfiri Cavanşir Axundov İveta Qriquleyin Azərbaycan-Latviya əlaqələrinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib.

Azərbaycan həqiqətləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqq səsinə Avropa Parlamenti və digər Avropa strukturlarında davamlı dəstəyinə görə İveta Qriquleyə təşəkkür edən səfir bu medalın iki ölkə arasında yaxın dostluq və əməkdaşlıq münasibətlərinin bir nişanəsi olduğunu söyləyib.

Öz növbəsində, ölkələrimizin oxşar tarix və taleləri bölüşdüyünü qeyd edən xanım İ.Qriqule xalqlarımız arasında tarixi dostluq əlaqələrinin daim inkişaf etdiyini və iki ölkənin öz dövlət müstəqilliyini bərpa etməsindən sonra yaxın dostluq və əməkdaşlıq münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb.

Latviyanı Azərbaycanın yaxın dostu adlandıran xanım İ.Qriqule əlaqələrimizin Avropa strukturlarında da uğurla inkişaf etdiyini söyləyib. Bu xüsusda latviyalı həmkarı və yaxın tərəfdaşı A.Ameriksin rəhbərliyi ilə Avropa Parlamentində Azərbaycana dost münasibət göstərən deputatların dostluq qrupunun yaradıldığını məmnuniyyətlə xatırladan xanım İ.Qriqule bu qrupun Azərbaycan-Avropa İttifaqı əlaqələrinin gələcək inkişafına böyük töhfələr verəcəyini söyləyib.

Həm ikitərəfli, həm də Avronest Parlament Assambleyası nümayəndə heyətinin üzvü qismində Azərbaycana səfərlərini xatırlayan diplomat ölkəmizdə keçirdiyi yüksək səviyyəli görüşlərdən danışıb. O, azərbaycanlı tərəfdaşları ilə yaxın dostluq və əməkdaşlıq münasibətləri qurduğunu diqqətə çatdırıb.

Ona göstərilən yüksək diqqətə görə, təşəkkür edən xanım İ.Qriqule Azərbaycan-Latviya əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Oxuməni.az