ABŞ-ın Kərkükdəki  hərbi bazasını boşaltması narahatlıq doğurub

ABŞ-ın Kərkükdəki hərbi bazasını boşaltması narahatlıq doğurub

2 Aprel 2020 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Kərkükdəki K1 hərbi bazasını boşaltması narahatlıq doğurub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri iraqlı jurnalist, yazar Məhməd Salehi Axar.az-a açıqlamasında deyib. O, amerikan əsgərlərinin K1 bazasından geri çəkilməsinin xüsusi anlam kəsb etdiyini bildirib.

“ABŞ əsgərləri 2003-cü ilin 10 aprelindən İraqda yerləşdiriliblər. 2011-ci ilin 15 dekabrında isə İraq daxilindəki savaş bitdi. Beləliklə, ABŞ İraqdan çəkildiyini elan etdi. Amma bu çəkiliş dedikləri kimi tam olmadı, ölkənin müxtəlif bölgəsində hərbi bazaları qaldı. Bunlardan biri də K1 hərbi bazası idi. İndi K1 hərbi bazasını da boşaltdılar. Amma ABŞ-ın İraqda hələ də 2 böyük bazası var: Anbar bölgəsindəki Eyn əl-Əsəd və İraqın cənubunda Hərir bazası. Hətta Tramp bir müddət əvvəl gizli olaraq, İraq hökumətinin xəbəri olmadan Eyn əl-Əsəd bazasını ziyarət etmişdi. Bu iki baza İraqda qalacaq”.

M.Salehi qeyd edib ki, Kərkükdə insanların narahatlığına səbəb ABŞ-ın çəkilmə səbəbini bildirməməsidir:

“İraqda İranın maliyyələşdirdiyi şiə məzhəbli milislər var. Amerika onların İraqda yox edilməsini istəyir. Əhali düşünür ki, bəlkə də ABŞ ilə İran hərbçiləri arasında İraqda savaş başlacaq. Eyni zamanda keçən həftə Amerika Bağdaddakı səfirliyini də boşaltdı. Hazırda ABŞ-ın Bağdadda səfirliyi yoxdur. Bununla yanaşı ABŞ İraqın şimalındakı Baş konsulluğunu da boşaltdı. Bəs, bu gəlişmələr nədən xəbər verir? Bunlar öz-özünə baş verən hadisələr deyil. Çünki İraqın təhlükəsizliyi hələ tam təmin edilməyib. İŞİD problemi tamamilə həll olunmayıb. Buradakı şiə milisləri ilə də ABŞ qarşıdurma başlatsa, İran buna səssiz qalmayacaq. Bu səbəbdən səfirliyin, Baş konsulluğun bağlanılması, Kərkükdəki hərbi bazanın boşaldılması və əsgərlərin geri çəkilməsi narahatlıqla izlənir”.

Oxuməni.az