Əli Əsədov: "Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir"

Əli Əsədov: "Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir"

9 Aprel 2020 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Koronavirus pandemiyasının və dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkəmizə mənfi təsirlərindən danışmaya bilmərik.

Oxuməni.az-ın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Milli Məclisdə ötən ilə dair videohesabatda deyib.

Ə.Əsədov bildirib ki, hazırda nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir:

"Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var və eyni zamanda onların ölkəmizdə istehsalı istiqamətində işlər aparılır. Aprelin 20-ə qədər Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir və bu tədbirlərin tətbiqi qaçılmazdır".

Baş nazir vurğulayıb ki, koronavirus pandemiyasının ölkənin sosial-iqtisadi sahəsinə mənfi təsirlərini azaltmaq üçün tərtib edilən müfaviq proqramlar vaxtında icra olunacaq: "Həyata keçirilən bütün tədbirlər xalqın sağlamlığını və ölkənin təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Biz bu vəziyyətdən ən az itkilərlə çıxmalıyıq və vətəndaşlarımzı qorumalıyıq”.

Dövlət rəsmisi əlavə edib ki, hökumət dünya iqtisadiyyatında gedən prosesləri izləyir və qabaqlayıcı tədbirlər görür: “Neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir və bu alətlər çevik şəkildə həyata keçirilir”.

Ə.Əsədov vurğulayıb ki, 2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% təşkil edib. Ölkəmizdə işsizlik ən aşağı səviyyədə - 4,8% olub, dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat, xərcləri isə 24,4 milyard manat təşkil edib: "2019-cu ildə ilk dəfə olaraq Neft Fondunun aktivləri 40 milyard manatı ötüb. Xarici borc 9 milyard 91 milyon manat olub, bu da ÜDM-in 18,9%-i deməkdir. Keçən il investisiyaların 70%-i daxili, 30%-i isə xarici investorlar hesabına həyata keçirilib. Hesabat ilində xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb”.

Oxuməni.az