İşğaldakı 7 kəndimiz: onların taleyi necə olacaq? - Video

İşğaldakı 7 kəndimiz: onların taleyi necə olacaq? - Video

26 Yanvar 2021 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

II Qarabağ savaşının bitməsindən, işğaldakı rayonlarımızın azadlığından iki ay yarım zaman keçir. Bu müddətdə Qazaxın Ermənistan tərəfdə qalan 7 kəndinin də taleyi ilə bağlı məsələsi gündəmdən düşmür. Bu istiqamətdə son məlumatlardan biri də həmin kəndləri ermənilərin boşaltdığı yönündədir. Doğrudur, bu məlumat hələ ki, öz təsdiqini tapmayıb, ancaq təkzib də edilməyib.

Hələlik isə bu yeddi kəndin taleyinin necə olacağı sual altındadır. Ərazi mübadiləsi yolu ilə bu kəndlərin qaytarıla biləcəyindən də söz açılır.

Oxuməni.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu məsələni daim gündəmdə saxlanılmasının vacibliyi barədə musavat.com-a açıqlamasında deyib:

“10 noyabr anlaşmasından sonra Qazaxın yeddi kəndinin də gündəmdə olduğu deyilirdi. Amma açığı demək lazımdır ki, bəyanatda bu yox idi. Çox təəssüflər olsun ki, sovet dövründə Azərbaycana rəhbərlik edənlər o kəndləri Azərbaycana birləşdirən sahələri ermənilərə peşkəş etdilər və faktiki olaraq kəndlər "əsir" düşdü. O vaxt həmin səhv edildi. İndi biz o kəndləri də geri qaytarmalıyıq. Bəyanatda olmasa da, gələn xəbərlərə görə bu məsələ də şifahi razılaşmada müzakirə edilib. Belə məsələ də var ki, əgər şifahi razılaşma əsasında yeddi kəndimiz geri qaytarılsa, bu Ermənistanın baş naziri Nikol Paşinyan üçün ciddi problemə çevrilə bilər. Onsuz da ölkəsində onu ittiham edirlər ki, Ermənistanın kəndlərini bir-bir Azərbaycana verdi.

Ona görə də açığı inanmıram ki, Paşinyan bu 7 kənd məsələsini Azərbaycanın xeyrinə həll etsin. Amma o demək deyil ki, biz o kəndlərimizi unutmalıyıq. Biz həmin kəndlərimizi də geri qaytarmaq üçün hər an çalışmalıyıq. Bu mövzu daim diqqətdə saxlanılmalıdır ki, Ermənistan bu məsələdə addımlarını atsın. Açığı Azərbaycan tərəfi istəmir ki, Paşinyanı rədd etsinlər. Çünki məlum bəyanata Paşinyan imza atıb və oradakı şərtləri yerinə yetirməlidir. Qazaxın kəndləri ilə bağlı şifahi razılaşma varsa, demək, erməni baş nazir şərtləri qəbul edib. Qazaxın yeddi kəndini də o geri verməlidir. Naxçıvanın da bir kəndi var - Kərki. Biz heç zaman bir kəndimizin belə ermənilərdə qalmasına razılıq verə bilmərik. Hazırkı gedişat onu göstərir ki, bu məsələdə təəssüflər olsun ki, ciddi irəliləyiş yoxdur”.

Politoloq ərazi mübadiləsinin qəti əleyhinədir:

“Gədəbəyin Başkəndi məsələsi də ara-sıra müzakirə olunur. Başa düşmürəm, biz o kəndi niyə ermənilərə verməliyik? Belə müzakirələr başlasa, bu bizə heç bir halda sərf etməz. Qazaxın kəndləri bizim olub, Başkənd də həmçinin. Biz bu kəndləri nə üçün əvəz etməliyik? O vaxt Qarabağ münaqişəsi var olan zaman amerikalı siyasətçilər bizə təklif edirdilər ki, Zəngəzurla Qarabağı dəyişin, Zəngəzuru siz götürün, Qarabağı da ermənilər. Bununla heç ermənilərin özü belə razılaşmırdı. Digər tərəfdən Zəngəzuru götürsək, İranla sərhədimiz olmayacaqdı. Bu, Başkənd və Qazax kəndləri məsələsinə bənzəyir. Bizə aid olan kəndləri heç bir halda əvəzləyə bilmərik. Sadəcə, bu məsələləri gündəmdə saxlamalıyıq ki, zamanı gələndə bu torpaqları da geri ala bilək”.

Oxuməni.az məsələ ilə bağlı videogörüntüləri təqdim edir: