"Ermənistan 10 noyabr Bəyanatından kənara çıxa bilməyəcək"

"Ermənistan 10 noyabr Bəyanatından kənara çıxa bilməyəcək"

8 Mart 2021 12:21
Bəyəndim (15) Bəyənmədim (0)

"Martın 2-də İrəvanda Paşinyanın gerçəkləşdirdiyi mitinqdəki kütləvilik göstərdi ki, erməni xalqı 10 noyabr atəşkəs razılaşmasından prinsipcə razıdır".

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu professor, konfliktologiya üzrə ekspert Elşad Məmmədov Milli.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, əvvəlki siyasi rəhbərliklərlə müqayisədə iqtisadi sferada Paşinyan hakimiyyətinin əldə etdiyi müəyyən nailiyyətlər var ki, erməni cəmiyyəti onu görür:

"Gördük ki, Ermənistan cəmiyyətində anti-Paşinyan meyilləri çox da geniş yayılmadı. Bunun özü birinci növbədə onunla bağlıdır ki, faktiki olaraq bu aqressiv siyasətdən erməni xalqı və erməni cəmiyyətinin özü də bezib və bu siyasətin perspektivsiz olmağını açıq-aşkar görür. Ona görə də Paşinyan bu vəziyyətdən kifayət qədər ustalıqla istifadə edərək hakimiyyətini qorumuş oldu. Amma deməzdim ki, onun hakimiyyəti dayanıqlıdır. Ermənistanda problemlər çoxdur, ancaq etiraf etmək lazımdır ki, ondan əvvəlki siyasi rəhbərliklərlə müqayisədə iqtisadi sferada Paşinyan hakimiyyətinin əldə etdiyi müəyyən nailiyyətlər var ki, erməni cəmiyyəti onu görür və "Qarabağ klanı"nın Ermənistan iqtisadiyyatına hansı zərərlər verdiyinin Ermənistan xalqı fərqindədir. Çünki bunu öz dərilərində hiss ediblər. Ona görə də bu gün biz Ermənistanın indiki müxalifətinə cəmiyyətləri tərəfindən ciddi dəstəyin verilmədiyinin şahidi oluruq.

Bu, eyni zamanda Azərbaycan üçün daha məqbul variantdır. Çünki aydın məsələdir ki, Ermənistanın indiki hakimiyyəti də, bundan əvvəlki hakimiyyəti də Azərbaycana qarşı heç də pozitiv münasibətdə olmayıb. Amma daha aqressiv siyasət yürüdən "Qarabağ klanı"nın hakimiyyətə gəlməyi Azərbaycan üçün arzu olunan deyil. Amma bütün bunlarla yanaşı bir məqamı unutmaq lazım deyil ki, istənilən Ermənistan hakimiyyəti mövcud reallıqlar çərçivəsində bu 3 ölkə "Rusiya, Azərbaycan, Ermənistan) rəhbərinin bəyannaməsi ilə razılaşmalı olacaq və oradan kənara çıxa bilməyəcək. Söhbət Rusiyanın moderatorluğundan getdiyi halda inanmıram ki, hansısa, hətta ən radikal, aqressiv Ermənistan hakimiyyəti üç ölkə rəhbərinin imza atdığı bəyannamədən kənara çıxa bilsin".