“Dağlıq Qarabağ”ın böyük hissəsi hələ də işğaldan azad edilməyib” – Növbəti müharibə ANONSU

“Dağlıq Qarabağ”ın böyük hissəsi hələ də işğaldan azad edilməyib” – Növbəti müharibə ANONSU

29 Mart 2021 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gündür ki, Ermənistanın Dağlıq Qarabağda mənzil tikintisi və zəruri infrastruktur proqramı üçün 110 milyard dram vəsait ayırması haqda xəbərlər media manşetlərindən düşmür. Qarabağ Azərbaycan torpağıdır və düşmən tapdağından azad edilib. Belə olan halda orada infrastrukturun bərpası üçün vəsaiti Azərbaycan dövləti ayırmalıdır və ayırır da.

Bəs Ermənistanın bu cür qeyri-adekvat addımlar atması nəyə hesablanıb?

Oxuməni.az-ın verdiyi xəbərə görə, bununla bağlı təhlükəsizlik məsələləri üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayıl konkret.az-a açıqlamasında maraqlı fikirlər səsləndirib. Ekspert bildirib ki, bu məsələ daha çox təbliğat xarakteri daşıyır: “Araik Arutunyanın İrəvanda görüş keçirməsi, Dağlıq Qarabağa maliyyə vəsaiti ayrılması, hətta 3 il ərzində 5 mindən çox mənzilin tikiləcəyi ilə bağlı fikirlər daha çox təbliğat xarakteri daşıyır: “Çünki karantin şərtlərinin yumşalması və yazın gəlişi ermənilərin köçünü daha da sürətləndirəcək. Hətta Araik Arutunyan onu da qeyd edir ki, Ağdərəyə o vaxt erməni əhalisinin böyük hissəsini geri qaytarmaq mümkün olmayıb. Bununla Arutunyan bildirir ki, sonda həm Xankəndi, həm də Əsgərandan köç edən ermənilərin sayı artıracaq. Ona görə də, pul ayrılmalıdır”.

İlham İsmayılın sözlərinə görə, biz Qarabağın böyük bir hissəsini işğaldan azad etmişik. Ancaq keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin təxminən 70 faizindən çoxuna biz nəzarət etmirik: “Üstəlik Laçın dəhlizi də hələ bizim nəzarətimizdə deyil. Odur ki, Paşinyan Qarabağda infrastrukturun bərpası üçün pul ayrılması kimi fikirləri ilk növbədə Rusiyadan güc almaqla səsləndirir. Çünki Rusiya Dağlıq Qarabağda ermənilərin daha çox məskunlaşmasının tərəfdarıdır. Ermənilər olmasa, Rusiyanın orada qalması sual altına düşəcək. Bizim isə 5 aya yaxındır ki, hələ Dağlıq Qarabağla bağlı konkret planımız yoxdur. Faktiki olaraq Ağdam-Şuşa yolundan istifadə edə bilmirik və alternativ yollar çəkirik. Ona görə də, müəyyən problemlər yaranır”.

Ekspert əlavə edib ki, keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin böyük hissəsi hələ də işğaldan azad edilməyib: “Biz aprel ayında bu istiqamətdə daha çox işlər görməliyik. Apreldə dövlət başçılarının Moskva görüşü gözlənilir. Bu görüşdə nələrin müzakirə olunacağı isə maraq doğurur”.