“Həmin əski parçaları onların gözünə soxulacaq...” – Deputatdan sərt açıqlama

“Həmin əski parçaları onların gözünə soxulacaq...” – Deputatdan sərt açıqlama

8 Aprel 2021 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Tural Gəncəliyev “Twitter” də paylaşım edərək ofislərinin tezliklə Xankəndində fəaliyyət göstərəcəyini bildirib. Millət vəkili, “Etnik mənsubiyyətindən asılı olmayaraq Xankəndinin bütün sakinlərini təmsil edən millət vəkili olaraq hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!”,-deyib.

Bu hadisədən çox keçmədən Qarabağdakı qondarma rejim erməni mətbuatında T.Gəncəliyevə qarşı təhqiramiz ifadələrə yer verərək belə bir şeyin baş tutmayacağını iddia edib. Maraqlıdır, ermənilərin bu cür populist çıxışları nəyə hesablanıb?

Oxuməni.az-ın verdiyi xəbərə görə, Milli Məclis deputatı Elman Məmmədov ilk əvvəl azərbaycanlıların Azərbaycanda icmasının olması məsələsinə diqqət çəkib:

“Bu, çox dərin məsələdir, lakin həmişə fikirlərimi əsaslandırmışam. Hesab edirəm ki, azərbaycanlının Azərbaycanda icması ola bilməz. Azərbaycanda sadəcə digər etnik qruplar, milli azlıqlar üçün icma olmalıdır. Bu gün ölkəmizdə rus, ukraynalı, yəhudi, o cümlədən başqa millətlər üçün icma var. Azərbaycanlı icması 1991-ci ilin noyabrın 26-na qədər ola bilərdi. Çünki həmin tarixdə Azərbaycan SSR Ali Soveti qərar qəbul elədi və Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olundu.

Cənab Prezidentimiz də bu yaxınlarda çıxışlarından birində dedi ki, “Bu gün Azərbaycanda Dağlıq Qarabağ adında bir ərazi vahidi yoxdur”. Orada sadəcə müstəqil rayonlar var. Necə ki, bizim cənub, şimal bölgəmiz, Şirvan zonamız var, Qarabağ da bölgəmizdir. Qondarma, cinayətkar, separatçı qurum guya bizim ərazimizdə “Dağlıq Qarabağ Respublikası” yardıb. Ancaq bunu dünyanın heç bir rəsmi təşkilatı, dövləti tanımır.

Azərbaycan qanunlarına görə orada heç bir inzibati ərazi vahidi yoxdur. Əgər elə bir qurum-muxtar vilayət olsaydı, onda müəyyən qədər anlamaq olardı. Ancaq hazırda ora sadəcə Azərbaycanın bir bölgəsidir. Biz Azərbaycan vətəndaşıyıq, azərbaycanlıyıq, orada ermənilər icma şəklində yaşaya bilər, biz yox, çünki onlar azlıq təşkil edən milli-etnik qrupdur”.

Millət vəkili Xankəndində ofis açmaq fikri ilə də razılaşmadığını vurğulayıb: ““Biz Xankəndində ofis açacağıq”,-ifadəsini mən qəbul etmirəm. Biz orada ticarətlə məşğul olacağıq, yoxsa hər hansısa iş görəcəyik? Nə üçün orada ofis açaq?! Burada ofisdən söhbət getməməlidir, çünki Xankəndi bütövlükdə bizimdir, Azərbaycandır və bu yaxın vaxtlarda, inşallah, digər ərazilərimizi düşməndən təmizləyib orada Azərbaycan bayrağı asdığımız kimi, Xankəndində, Xocalıda, Xocavəndə və Ağdərədə də bayrağımız dalğalanacaq. Düşmən oradan təmizlənəcək, orada Azərbaycan qanunlarını qəbul edən kimlərsə varsa və onlar cinayətkar deyillərsə, Azərbaycan vəsiqəsi ilə yaşaya bilərlər. Əks təqdirdə özlərinin dövləti var, gedib orada yaşasınlar. Biz öz ərazilərimizə yaxın vaxtda Prezidentimizin rəhbərliyi altında qayıdacağıq, ancaq hardasa ofis açmaq kimi fikirləri qəbul etmirəm”.

Ermənilərin qıcıqlandırıcı bəyanatlarla çıxış etməsinə gəldikdə isə həmsöhbətimiz onların səs-küy yaratmasının mənasız olduğunu bildirib:

“Ermənilər ona görə belə ürəkli danışırlar ki, bu gün onlar ərazimizdə olan rus sülhməramlılarının kölgəsi altındadır. Onların rahat sərsəmləməsinin səbəbi onlara ürək-dirək verən, himayə edən qüvvə var. Sülhməramlıların razılığı ilə hələ ki qondarma qurum fəaliyyətini orada davam etdirir. Cinayətkarlar eninə-boyuna sərbəst gəzirlər, ancaq uzun çəkməyəcək. Vaxt gələcək ki, o cinayətkarlar ya məhv, ya həbs olunacaq, həmin əski parçaları da oradan endirilib onların gözünə soxulacaq, yerində Azərbaycan bayrağı dalğalanacaq”.