Bakı erməni terrorçuları geri verir: səbəb... – İsti şərh

Bakı erməni terrorçuları geri verir: səbəb... – İsti şərh

8 Aprel 2021 22:53
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın bu dəqiqələrdə dekabrda ələ keçirilən erməni terrorçulardan daha bir qrupunu geri verməsi barədə Ermənistan hökuməti rəsmi məlumat yayıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Ermənistanın “hərbi əsir”, Azərbaycanın isə 10 noyabr bəyanatından sonra Azərbaycanın Qarabağ bölgəsindən çıxmayan və 4 azərbaycanlının ölümünə bais olan, dekabrda DTX-nın antiterror əməliyyatı ilə ələ keçirilən 62 silahlını terorçu saydığı üçün onların qanunlar çərçivəsində mühakimə olunacağını bəyan etmişdi.

Qanunsuz erməni silahlılarının geri qaytarılması üçünsə Azərbaycanın şərt irəli sürdüyü bildirilirdi: Erməni birlikləri Qarabağdan təcili çıxarılmalıdır.

Erməni birliklərinin bəzi yerlərdə Azərbaycan Ordusu ilə üzbəüz, rus sülhməramlılarının arxasında mövqe tutduğu haqda erməni mediası dəfələrlə reportajlar hazırlayıb və buna görə də Ermənistanın 10 noyabr bəyanatının 4-cü maddəsinə riayət etmədiyi ortadadır.

Ancaq ötən gün Moskvada keçirilən Putin-Paşinyan görüşündə kommunikasiyaların tam bərpasının əsas müzakirə mövzusuna çevrilməsi diqqəti çəkir. Yeri gəlmişkən, həmin müzakirədə Ermənistan Baş naziri Nikol Paşinyanın “erməni əsirlər” mövzusunu gündəmə gətirdiyi də bildirilmişdi. 3,5 saat davam edən və mediaya çox az hissəsi bəlli olan müzakirənin əsl mahiyyəti isə indi üzə çıxmaqdadır.

Beləliklə:

1. Bu gün Nikol Paşinyan Qarabağdakı separatçı-terrorçuların rəhbəri Araik Arutyunyanla təcili görüş keçirdi. Moskvadan qayıdandan dərhal sonra keçirilən bu görüş maraqla qarşılandı.

2. Rusiya lideri Putin Azərbaycan lideri İlham Əliyevə zəng etdi. Böyük ehtimalla dünənki görüş və orda qəbul edilən qərarlar barədə Azərbaycan Prezidenti məlumatlandırılıb.

3. Rusiyanın Baş prokuroru bu gün həm İrəvana, həm də Bakıya səfər etdi...

İlkin təəssürat:

1. Nikol Paşinyan kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması prosesinin sürətləndirilməsi tələbini qəbul edib.

2. Rusiya lideri 20 iyun parlament seçkilərində kimi dəstəkləyəcəyini artıq dolayısı ilə elan etmiş oldu. Sabiq prezident Robert Köçəryan sadəcə, təzyiq vasitəsi kimi istifadə ediləcək.

3. Azərbaycanın şərtləri qəbul edilir: Erməni ordusunun qalıqları Qarabağdan çıxarılır.

Butün prosesin davamı üçün Nikol Paşinyanın ölkə daxilində nüfuzuna təsir edən addımlar da atılmalıdır. Görünür, bunun üçün Putin və Əliyev razılaşıblar.

Ona görə də erməni qanunsuz silahlılardan bir qismi də geri qaytarılır və Nikol Paşinyanın seçkiöncəsi mövqelərini gücləndirməsinə şərait yaradılır...